“Dördüncü ildir ki, bu cür hallar davam edir” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 19-cu turunun “Səbail”lə matçından sonra keçirilmiş mətbuat konfransında fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, qolsuz bitən matçı belə şərh edib:
“Oyunda çoxsaylı mübarizə getdi. Daha aktiv başlayan tərəf biz idik, yaxşı da qol fürsətləri əldə etdik. 30-35 dəqiqə oyun bizim bizim üstünlüyümüz şəraitində keçdi, daha sonra oyun bərabərləşdi. Həmin dəqiqələrdən sonra keyfiyyətli futboldan danışmaq olmaz. Çünki daha çox mübarizə gedirdi. Süni örtüklü meydanda oynayırdıq, şiddətli külək də var idi. Futbolçuların keyfiyyətli futbol nümayiş etdirməsinə mane olurdu. Amma hər iki komandanın futbolçuları çox istəkli idilər. Buna görə də hər iki tərəfə alqış düşür. Qələbə qazanmaq üçün çox çalışdılar. Ancaq olmadı. Matçın əvvəlində yaxşı qol fürsətlərimiz var idi. Futbolçuların çıxışından razı qaldım. Qələbə üçün əllərindən gələni etdilər.
Rüstəm Əhmədzadə də 5-6 gün idi ki, xəstələnmişdi. Məşqləri buraxmışdı. Onsuz da, hücum xəttində futbolçu qıtlığımız var idi. O da zədələndi. Yəqin ki, 2-3 həftə komanda ilə olmayacaq. Bu da bizim üçün əlavə problemdir. 3-4 gündən bir oyun gəlir, hər futbolçumuza ehtiyacımız var. Zədələnməsi bizi məyus etdi. Ancaq futbolun içində olan şeylərdir.
Rafael Utziqlə yanaşı, digər yeni transferimiz Ceyhun Nuriyev də özünü yaxşı tərəfdən göstərdi. Tam optimal formalarını bərpa etmək üçün hər ikisinə də zaman lazımdır.
VAR-ın qərarı düz idi. Penalti epizoduna baxması üçün təcrübəli İnqilab bəy baş hakimi VAR-a çağırdı. Amma baş hakim VAR-da çox qəribə qərar verdi. Açıq-aşkar futbolçumuzun ayağına zərbə vurulur, ikinci sarı vərəqə, ardınca qırmızı verilməlidir. Nə qədər deyirik, danışırıq….”Zirə”nin oyunlarındakı bu cür qərarlar artıq dördüncü ildir ki, davam edir. Keçən il bir az azalmışdı. Mövsümün əvvəlində də az idi. Baxırsan ki, bu, istərsə də, “Qarabağ”la matçdakı qırmızı vərəqə epizodu, bundan əvvəlki turlarda baş verən hadisələr. Bu qədər təsadüf ola bilməz”.
Bizi Facebook-da izləyin