Diniyev “Kəpəz”lə anlaşa bilməməsinin səbəbini Komanda.az-a açıqladı
Bu il Premyer Liqaya qayıdan Gəncə təmsilçisi “Kəpəz” bir neçə gün öncə baş məşqçisi Yaşar Vahabzadə ilə yollarını ayırdı.
“Kəpəz”in yeni baş məşqçisi olmağa əsas namizədlərdən biri Şahin Diniyev sayılırdı. Lakin Azərbaycan millisinin keçmiş çalışdırıcısının qərb klubuna keçidi baş tutmayıb.
Bu barədə Komanda.az-a Diniyev özü məlumat verib:
“Üç gün idi bu barədə danışıqlar gedirdi. Danışıqlar bir neçə saat əvvəl yekunlaşdı. “Kəpəz”lə anlaşa bilmədik. Klubun şərtləri məni qane etmədi. Bura təkcə maliyyə məsələləri deyil, infrastruktur və başqa şeylər də daxildir. Xeyir verə bilməyəcəyim yerə yalandan niyə getməliyəm? Mən elə məşqçilərdən deyiləm. Dediyim kimi, danışdıq, amma razılığa gələ bilmədik”.
“Kəpəz” cari mövsümdə Premyer Liqada keçirdiyi bütün oyunlarda uduzub.
Bizi Facebook-da izləyin