“Dinamo”nun baş məşqçisi: “Bu qələbə iş prinsipimizin nəticəsidi”
Gürcüstanın “Dinamo” (Tiflis) klubunun baş məşqçisi Feliks Visente Miranda Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
“Bu, bütün kollektivimizin qələbəsi və iş prinsipimizin nəticəsidi. İlk yarıdan sonra futbolçularla heç bir danışığımız olmadı. Çünki onların məqsədi yalnız qələbə idi. Matçın əvvəllərində qapımızı qorumağı düşünürdük. Bunu bacardıq və nəticədə belə bir nailiyyətə imza atdıq”.
İspaniyalı mütəxəssis bildirib ki, son oyunlarda qol buraxmamaları əsas strategiyalarıdır. Bu isə meydan oyunçularının çıxışından başlayır və qapını toxunulmaz saxlamaqdan keçir.
41 yaşlı baş məşqçi qələbə ənənəsini qorumaq istədiklərini vurğulayıb. O, matçı izləyən azarkeşlərə təşəkkür edib. Miranda Hollandiya “Feyenoord”u ilə keçirəcəkləri növbəti mərhələ oyunları barədə də danışıb: “Feyenoord”la matç da bizim üçün çox vacibdi. Ümid edirəm ki, hər bir oyunçumuz bu görüşlərdə yaxşı oyun sərgiləyəcək”.
Qeyd edək ki, “Dinamo” ilk görüşdə də 2:0 hesabı ilə qalib gəldiyi üçün növbəti mərhələyə yüksəlib.
Bizi Facebook-da izləyin