“Dinamo” ÇL-lə vidalaşdı, Mahir Emreli…

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” (Xorvatiya) bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Zaqreb təmsilçisi ilk görüşdə 1:2 hesabı ilə uduzduğu AEK-in (Yunanıstan) qonağı olub.

“Dinamo” AEK səddini adlasa, pley-off-da Belçika “Antverpen”i ilə üz-üzə gələcəkdi. Mahirin komandası Yunanıstan klubuna uduzduğu halda isə Avropa Liqasının pley-offunda “Sparta”ya (Çexiya) rəqib olacaqdı.

Qarşılaşmaya “Dinamo” daha yaxşı başlayıb. İlk yarının sonlarında hesabı açan Xorvatiya çempionu ikinci hissədə daha bir qol vurub. Amma meydan sahibləri 90+2 və 90+10-cu dəqiqələrdə vurduqları qollarla ümumi hesabı xeyirlərinə dəyişə biliblər. Beləcə, 2:2 hesabıyla bitən matçın yekununda Zaqreb təmsilçisi ÇL-lə vidalaşıb və mübarizəni Avroliqada davam etdirəcək.

Qeyd edək ki, Mahir AEK-lə cavab matçının iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, bu komandalar arasında ilk görüş avqustun 8-də Yunanıstanda, cavab oyunu isə avqustun 15-də Zaqrebdə olmalı idi. Lakin avqustun 7-də – ilk matçdan əvvəl iki komandanın azarkeşləri arasında qarşıdurma yaşandığı üçün oyun təxirə salınıb. Həmin iğtişaşda AEK-in 22 yaşlı azarkeşi aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Hadisəyə görə ittiham olunan 105 nəfər saxlanılıb. UEFA hər iki oyunun azarkeşsiz keçirilməsinə qərar verib. UEFA-nın qərarı ilə ilk matç avqustun 15-də Zaqrebdə oynanılıb, cavab görüşü isə bu günə təyin edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button