Dieqo Kosta “Atletiko”dan ayrıldı – RƏSMİ
“Atletiko”nun hücumçusu Dieqo Kosta Madrid təmsilçisindən ayrılıb.
Komanda .az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə 32 yaşlı futbolçunun tələbi nəticəsində tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Razılığa əsasən, Kosta “Atletiko”nun La Liqa və ya UEFA Çempionlar Liqasındakı rəqiblərindən biri ilə anlaşsa, kluba 15 milyon avro təzminat ödəməli olacaq.
Xatırladaq ki, “Atletiko” Diego Kostanı 2017/18 mövsümünün əvvəlində “Çelsi”dən transfer etmişdi. Braziliya əsilli ispaniyalı futbolçu 2010-2014-cü illər aralığında da bu klubun uğurları üçün çalışmışdı. Madrid təmsilçisində bütövlükdə 215 matça çıxan Kosta, 83 qol vurub, 36 məhsuldar ötürmə müəllifi olub. O, bu komanda ilə İspaniya çempionu olub (2013/14), ölkə kubokunun (2013) və Avropa Liqasının (2018) qalibi adını qazanıb. Forvard madridlilərlə 3 dəfə də UEFA superkubokunu başı üzərinə qaldırıb (2010, 2012 və 2018).
Qeyd edək ki, Dieqo Kostanın “Atletiko”dan başqa komandaya keçmək üçün ayrıldığı iddia olunur. Onun azad agent kimi İngiltərənin “Arsenal” klubuna keçəcəyi bildirilir. Hücumçunun ümumilikdə 7 mövsüm keçirdiyi Madrid təmsilçisi ilə 2021-ci ilin yayınadək müqaviləsi var idi.
Bizi Facebook-da izləyin