
“Deyəsən, kimlərsə dua edib ki, “Sumqayıt” qol vura bilməsin” – Vaqif Cavadov
“Sumqayıt” bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda “Zirə”ni qəbul edib.
Komanda.az xəbər verir ki, 0:3 hesabı ilə məğlub olan “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadovun oyundan sonra mətbuat konfransı keçirilib. Cavadov matçın taleyini ilk 30 dəqiqənin həll etdiyini söyləyib:
“Oyun barədə onu deyə bilərəm ki, yaxşı komandaya qarşı mübarizə apardıq. Rəşad Sadıqovun iddialı komandası var. Oyunun əvvəlində lazımsız səhvlər buraxdıq. İlk 30 dəqiqə matçın taleyini həll etdi.
Komandamın oyunu ilə bağlı yenə deyirəm, razıyam. Mən komandanı götürəndə enişdə idi. Qələbə qazandıq, sıralamada irəlilədik. Yenə deyirəm, qış fasiləsində yeni qoşulanlar var. Onlara vaxt lazımdır. Yeni qoşulanlar tam hazır deyil və ən azı onlara bir ay vaxt lazımdır. Hazır olmasalar da, biz məcburiyyətdən onları əsas heyətdə oynadırıq.
Məğlub olduq. İnanıram ki, bu seriyanı qıracağıq. Futbolçularımın hamısından razıyam. Bu vəziyyətdən çıxacağıq. Komandamda heç bir problem yoxdur. Səbirli olmaq lazımdır.
Komandamızda əvvəl hücumçu yox idi, ona görə də Kamran əsas heyətdə oynayırdı. O, mənim üçün önəmli bir futbolçudur. Bizim mentalitetdə “mənim yerimə gəlibsə, o oynamalıdır” kimi bir düşüncə var.
Yenə də deyirəm, bu vəziyyətdən çıxacağıq. Nə qədər çalışırıqsa top qapıdan keçmir ki, keçmir. Deyəsən, kimlərsə kənardan dua edib ki, “Sumqayıt” qol vura bilməsin. Buradan onlara da “salam” deyirəm. Bəli, qol vurmaq baxımından problemimiz var. Ancaq çalışırıq ki, bunu aradan qaldıraq. Məşqlərdə də bunun üzərində işləyirik.
Bugünkü oyuna da baxsaq, komandam pis oynamır. Sadəcə, 2-3 epizodla oyunu məğlub oluruq, asan qollar buraxırıq.
Sonuncu yeri düşünmürük. Futbolçular da bunu dərk edir. Növbəti oyunlarda yaxşı nəticələr qazanacağıq. Bunu “Sumqayıt” camiəsi də bilsin”.
“Sumqayıt” növbəti turda səfərdə “Neftçi” ilə qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin