Deşam final matçı ilə bağlı dəyişiklik edə bilər
Fransa millisinin baş məşqçisi Didye Deşam yarımmüdafiəçi Adrien Rabio və müdafiəçi Dayot Upamekano barədə danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, “xoruzlar”ın hər iki futbolçusunun səhhətində problemlər olduğu üçün onlar DÇ-2022-nin yarımfinalında Mərakeşə qarşı matçda (2:0) iştirak edə bilməyib.
54 yaşlı mütəxəssis Rabio və Upamekanonun səhhəti ilə bağlı məlumat verib:
“Upamekano İngiltərə ilə oyundan bəri xəstədir. Yalnız çərşənbə axşamı ayrı məşq edə bildi. Rabionun durumu da Upamekano ilə eynidir. Nahar vaxtı o, özünü daha yaxşı hiss edirdi, amma mübarizə aparmaq üçün kifayət etmirdi. Bu durum qətiyyən planlarımıza daxil deyildi”.
Deşam final matçında onların oynayıb-oynamayacağı haqda da danışıb:
“Bazar günü final oyununda meydanda olacaqlarmı? Güman edirəm ki, bəli. Rabionun səhhətində hər şey əvvəlki halına qayıdarsa, ola bilər. Hələ qarşıda dörd gün var”.
Fransa millisi DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edərək (2:0), həlledici oyuna vəsiqə qazanıb. Onların rəqibi Argentina yığması olacaq. Oyun dekabrın 18-də keçiriləcək.
Bizi Facebook-da izləyin