Ayxan Abbasov: “Desək ki, Premyer Liqaya hazırıq, yalan olar” – Müsahibə

“Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasovun Komanda.az saytına müsahibəsi:

– Ayxan bəy, “Turan Tovuz”un hazırkı durumunu necə dəyərləndirirsiz?

– Hələ komanda tam formalaşmayıb. Bu, normaldır. Digər rəqiblərə baxsaq, həm oturuşmuş heyətləri var, həm büdcə baxımından üstünlük təşkil edirlər. Biz də çalışırıq ki, Premyer Liqada vuruşan bir heyət formalaşdıraq. Çətinliklər var, amma işlər gedir. Bu çətinliklər bizi ruhdan salmamalıdır. Çatışmazlıqları isə həll edəcəyik.  

– Yeni mövsümün başlamasına çox az qalıb. Komanda hazırdırmı Premyer Liqaya?

– Bəli, yeni mövsümə az qalıb. Lakin keçən mövsüm Premyer Liqada çıxış edən klublardan soruşsaq, onlar da tam hazır olmadıqlarını deyəcəklər. Mövsümün sonunda komandadan gedən və gələn futbolçular olur. Bu yöndə həmişə klublar əziyyət çəkirlər. Bizdə komanda demək olar ki, yenidən formalaşıb. Desək ki, hazırıq, yalan olar. Vaxt keçdikcə hazır olacağıq. Bizə vaxt və oyunlar lazımdır. Xüsusən, oyunçuların bir-birini başa düşməsi üçün vaxta ehtiyac var.

– Mətbuatda, sosial şəbəkədə yazılır ki, komandanızın topu, avtobusu, forması yoxdur. Bu məlumatlar doğrudurmu?

– Bu komanda birinci divizionda çıxış edib. Birinci divizionla Premyer Liqa arasında çox fərq var. Buradakı şərait birinci dəstə üçün normal idi, amma Premyer Liqa üçün yetərli deyil. Premyer Liqada toplar PFL tərəfindən verilir. “Turan Tovuz”a hələ də toplar verilməyib. AFFA-ya müraciət etdik, sağ olsun AFFA, köməklik göstərdi bu məsələdə.

Təbii ki, komandanın yeni forması olmalıdır. Sifariş olunmalı idi bu günə qədər. Dövlət tərəfindən büdcə ayrılmalıdır. Bu, yaxın günlərdə olacaq. Ancaq büdcə ayrılana qədər bu məsələlər həll edilməli idi. Həlli tapıldı, Tovuz Rayon İcra Hakimiyyəti bütün problemlərin həllini öz üzərinə götürdü.  

– “Turan Tovuz”un rəsmi internet səhifəsi belə, yoxdur. Bu məsələlərlə bağlı hansı addımlar atılacaq?

– Biz çalışacağıq ki, dediyiniz bütün məsələlər yaxın zamanda həll edilsin. Lakin bizi də başa düşmək lazımdır. Rəsmi səhifəmiz yaradılacaq. Peşəkar komandaya lazım olan hər şeyin olması üçün çalışırıq. Bütün rəhbərlik, işçi heyəti səfərbər olub. Qısa zamanda hər şey öz həllini tapacaq.

– Tovuz İcra Hakimiyyəti klubun vəziyyəti ilə maraqlanır?

– Bəli, Tovuzun icra başçısı Məmməd müəllim (Məmmədov) bizimlə şəxsən maraqlanır. Klubun rəhbərliyi ilə görüş oldu. Bu gün Oqtay müəllimi (“Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev) və məni qəbul elədi. Klubun Premyer Liqaya hazır olması üçün əlindən gələni edəcəyini dedi.

Bizi Telegramda izləyin

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button