Parçalanma, parçalanma, parçalanma! – Vaqif Sadıqovla müsahibə
Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin yığmadakı taleyi sual altındadır. AFFA-nın baş katibi Elxan Məmmədov xorvat mütəxəssisin taleyinə İcraiyyə Komitəsinin qərar verəcəyini deyib. Bununla bağlı AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla danışdıq. Sadıqov, Yurçeviçin onlardan üç həftə vaxt istədiyini, daha sonra müzakirələrə başlayacaqlarını bildirdi:
- Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsindəki işini necə dəyərləndirirsiz?
- Gəlin belə yanaşaq da, hər zaman deyirəm ki, etik normanı qoruyub, saxlayaq. Hər kəsin öz fikri var. Bir peşəkar kimi mən də öz fikrinə sahib olan adamam və bunu iclasda bildirəcəm. Nikola Yurçeviç hazırda milli komandanın baş məşqçisidir. İndi onun işini müzakirə etmək istəmirəm. Bir xal qazandıq, əlbəttə, heç kim belə olsun istəməzdi. Yurçeviç də, biz də daha artıq xal istəyirdik. Ancaq alınan, görünən bir xaldır.
- Yurçeviçin müqaviləsinin müddəti fevralda bitir. İclasda sizin mövqeyiniz necə olacaq? Xorvat baş məşqçinin gələcəyiylə bağlı nə düşünürsüz?
- Mən necə mövqe bildirim? İcraiyyə Komitəsinin iclasında deyəcəm fikrimi. Etik normanı qorumaq üçün bunu deməyim düz çıxmaz. Ancaq tam səmimi deyirəm, mənim bir fikrim var və onu da iclasda deyəcəm.
- Elxan Məmmədov hər dəfə bütün məsuliyyətin bir növ İcraiyyə Komitəsinin üzərində olduğunu, Yurçeviçin gələcəyinə də bu komitənin qərar verəcəyini deyir. İcraiyyə Komitəsinin üzvü kimi bu haqda nə deyə bilərsiz?
- Ay sağ ol, biz də bu fikirdəyik. Hazırda mənim mövqe bildirməyim etik normadan kənara çıxmaqdır. Yenə deyirəm, öz fikrim var. Gördüyümü çalışacam ki, iclasda çatdırım. Yurçeviç indi işindədir, bundan sonra nə qərar veriləcək, bilinmir. Bizdən üç həftə vaxt istəyib, böyük hesabat hazırlayıb, hər birimizə təqdim etdikdən sonra müzakirələr başlayacaq. Düşünürəm ki, hər kəsin öz fikri var. Çalışacağıq ki, hamımız bizə doğma olan Azərbaycan futbolu üçün düzgün qərar verək.
- Milli komandanın uğursuz çıxışı, Azərbaycan futbolunun hazırkı durumu ilə bağlı AFFA-ya yönələn narazılıqlar var. Harda səhvlər edilir, nələr düzəldilməlidir?
- Hərdən bu sözü işlədəndə çoxu fərqli düşünür. Etiraf edək ki, nə qədər ki, Azərbaycan futbolunda parçalanma olacaq, çıxış yolu tapmaq da çətin olacaq. Düzdür, səhvlər var, nəticələr göz qabağındadır. Çıxış yolu üçün hamımız bir olmalıyıq. Onu çatdırıram ki, kimsə bəlkə deməyə çəkinir. Hazırda parçalanma Azərbaycan futbolunun inkişafına əngəl olur. Bir olub, çıxış yolu tapmalıyıq.
- Parçalanma dedikdə fərdləri nəzərdə tutursuz?
- Parçalanmanın arxasında çox şey durur. Mən gördüyüm odur ki, hər biri futbola kömək etmək üçün öz mövqeyini bildirir, ancaq mən istəyirəm ki, ümumi mövqe bildirəm. Mən, o, bu, hamımız Azərbaycan futboluna kömək olmalıyıq. Əsas parçalanma fikir mübadiləsindədir. Müstəqilliyin ilk günündən futbolumuza can verən insanlar bu gün yığışıb bir yol tapmalıdır. Demirəm ki, kimsə kiməsə düşmən kəsilib və ya başqa nəsə. Biz fikir mübadiləsi aparmaq üçün birlikdə çıxış yolu tapmalıyıq.
- “Qəbələ”nin fəaliyyətini dayandıracağı deyilir. Bu haqda nə düşünürsüz?
- “Qəbələ” çox ilklərə imza atıb, futbolumuzun fəaliyyətinə təkan verən klublardandır. Hamımız çalışmalıyıq, əlimizdən gələni etməliyik ki, bu vəziyyət düzəlsin.
- İcraiyyə Komitəsinin iclaslarında bölgə təmsilçisinin bu durumunu müzakirə edəcəksiz?
- Nəyin müzakirə olunacağını bilmirəm. Ancaq hazırda vəziyyət belədirsə, istər-istəməz hamımız bunu müzakirəyə çıxarmalı, qoruyub, saxlamalıyıq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin