“Deməzdim ki, bu, mənim sayəmdə oldu” – “Neftçi”nin futbolçusu
“Neftçi”nin futbolçusu Sezar Meza Kolli “Sabah”la fevralın 27-də keçirəcəkləri Azərbaycan Premyer Liqasının 17-ci tur matçından əvvəl klubun rəsmi saytına müsahibə verib.
Komanda.az xəbər verir ki, paraqvaylı futbolçu azarkeşlərin dəstəyinə ehtiyacları olduğunu bildirib:
“Hər matçda azarkeşlərin dəstəyi vacibdir, buna çox ehtiyacımız var”.
Daha əvvəl “ağ-qaralar” “Sabah”ı Azərbaycan kubokunun 1/4 final mərhələsində iki oyunun nəticəsində (1:1, 3:1) üstələməyi bacarıb. 31 yaşlı yarımmüdafiəçi kubok oyununda olduğu kimi, bu dəfə də “Bank Respublika Arena”dan qalib ayrılmalarının mümkünlüyünü vurğulayıb:
“Bu həftə hazırlığa başlamışıq. 95 dəqiqə oyuna köklənməliyik. Bütün komanda hazır olsa, yaxşı nəticə qazanacağıq”.
Sezar Meza Kolli bildirib ki, bu rəqib üzərində kubok qələbəsi bütün komanda yoldaşlarının əməyi sayəsində qazanılıb:
“Onlarla oynayanda özümü çox rahat hiss edirəm. Bu qələbə bütün komanda üzvlərinin, məşqçilərin işidir. Biz birlikdə daha yaxşıyıq. Sevinirəm ki, qələbə qazanıb yarımfinala çıxa bildik. Amma deməzdim ki, bu, mənim sayəmdə oldu”.
Paraqvaylı yarımmüdafiəçi bu mövsüm Azərbaycan Premyer Liqasında 3 qola imza atıb. Bunlardan 2-si keçmiş klubu “Keşlə” ilə oyuna təsadüf edib. Meza Kolli buna sevinsə də, xüsusi bir amilin olmadığını açıqlayıb:
“Mən hər gün “Neftçi”yə kömək etmək üçün çalışıram. Əsas odur ki, qalib gəldik”.
Futbolçu, azarkeşlərin dəstəyinə ehtiyaclarının olduğunu söyləyib:
“Sabah”a qarşı növbəti matçda onların hər birini gözləyirik”.
Bizi Facebook-da izləyin