Teqbol üzrə ilk Azərbaycan kubokunun püşkü atıldı
Dekabrın 21-də teqbol (stolüstü futbol) üzrə ilk Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib.
Teqbol Federasiyasından Komanda.az-a verilən məlumata görə, Bakıda baş tutan tədbirdə yeni yaradılan Azərbaycan Teqbol Federasiyasının rəsmiləri əvvəlcə yarış iştirakçılarını bu oyunun qaydaları ilə tanış edib. Teqbol idman növünün nədən ibarət olduğunu, necə oynanıldığını göstərən videorolikin nümayişindən sonra püşkatma mərasiminə start verilib.
Püşkatmanın nəticəsinə əsasən A qrupunda “Gənclərbirliyi 1”, “Sabirabad”, “Xilə”, B qrupunda “Gənclərbirliyi 2”, “Marafon”, “Bakı”, C qrupunda “Gənclərbirliyi 3”, “Meqa”, “Adaş”, D qrupunda “Keşlə”, “MOİK”, “Qarabağ” komandaları mübarizə aparacaqlar. Hər qrupda ilk sıranı tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Turnirin 1/4 finalında müvafiq olaraq A qrupunu lider kimi başa vuran kollektiv B qrupunun ikincisi, B qrupunun lideri isə A qrupunun ikincisi ilə üzə-üzə gələcək. Eyni qayda C və D qruplarındada tətbiq ediləcək.
Azərbaycan kuboku yarışı dekabrın 22-23-də “Marafon” idman klubunda keçiriləcək.
Turnirin qalibinə və yarımfinala vəsiqə qazanan bütün komanlara pul mükafatları, kubok, medal və diplomlar təqdim ediləcək. Yarışın bütün iştirakçıları sertifikatla təmin olunacaqlar.
Bizi Facebook-da izləyin