“Dedovşina”, Kamran Ağayev, Elina…
Vüqar Məmmədov
Futbol oyununun fəlsəfəsi yəqin ki, hamıya aydındı. Əldən başqa, bədənin digər üzvləri ilə topu rəqibin qapısına vurmaq, öz qapını isə toxunulmaz saxlamaq. Əldən başqa, bədənin üzvləri arasında bu işi ən yaxşı ayaq gördüyündən, futbol əsasən bu bədən üzvü ilə oynanılır.
Amma oyun zamanı hətta ayaqla da topu aparıb, əks qapıya vurmaq asan olmur, çünki rəqibin müqaviməti ilə qarşılaşırsan. Ona görə də, futbol mütəxəssisləri müxtəlif üsullar axtarırlar ki, topu rəqibin qapısına necə vursunlar. Biri əks-hücumu seçir, digəri pressinqi, bir başqası topla daha çox oynamanı və s. Bunlar hamısı qələbə qazanmaq üçün olan yollardı. Mütəxəssislərin seçdikləri bu yollara “məşqçinin fəlsəfəsi” də deyirlər. Hədəf birdi, amma yollar müxtəlif.
Tənqidi sevməyən İslam, çarmıxa çəkilən İsa
Bunu mənəvi aləmə aid etsək, deyə bilərik ki, həqiqət (dini düşüncə ilə desək, Allah) birdi, amma ona doğru gedən yollar müxtəlif. Bu yolları isə “din” adlandırmaq olar. Dinlərı də araşdırarkən, ümumi cəhətlərlə yanaşı, fərqli xüsusiyyətlərinin olduğunu da görə bilərik. Bunu da hardasa “fəlsəfə” adlandırmaq olar. Biz İslam fəlsəfəsi, xristianlıq fəlsəfəsi və s. kimi ifadələrlə rastlaşmışıq. İstənilən fəlsəfi fikrin, düşüncənin dünyaya, insanlara, proseslərə öz baxışı var. Xristianlıqdan məlumatı olanlar bilir ki, bu dinə görə, İsa çarmıxa çəkilib və ölərkən ona əzab verənlərə minnətdarlığını ifadə edib. Onun fikirləri təxminən belə olub: “İnsanlar, siz bilmirsiz ki, mənə nə qədər yaxşılıq edirsiz”. Bəzi versiyalara görə isə deyib ki, həyatına son qoyduqlarına görə kimsəni günahlandırmır, üstəlik də, minnətdardır. Ola bilər cümlələrin quruluşu bir qədər fərqli formadadı, amma mahiyyətcə, fikirlər qeyd etdiyim kimidi. Burdan belə anlaşılır ki, bu dinə görə, əzab çəkənlər Allaha daha yaxın hesab edilir. Hansısa əzab çəkəni, alçaldılanı, təhqir olunanı görəndə, onlar İsanı xatırlayaraq, əzab çəkənin yanında olurlar, müdafiə etməyə çalışırlar. Bunu hardasa xristianlığın fəlsəfəsi adlandırmaq olar.
İslam dininin fəlsəfəsində isə bu cəhətdən bir qədər fərqlidi. Bizim din acizliyi, zəifliyi, gücə qarşı müqavimətsizliyi qəbul etmir, belə hərəkəti alçalmaq sayır, ölümü təhqirdən üstün tuturlar. Təsadüfi deyil ki, İslam İsanın çarmıxa çəkilməsi fikrini qəbul etmir, onun qeybə çəkildiyini bildirir.
Biz burda, dinləri müqayisə edərkən “bu pisdi, bu yaxşıdı” söhbəti aparmırıq. Onları üz-üzə qoymaq fikrində də deyilik. Fikirlər Allahdandırsa, bu yolların hər biri Ona aparır. Necə deyərlər, Allah özü bilən məsləhətdir.
Biz başqa məsələdən yazmaq istəyirik. Qəbul olunan qaydalar həm də psixologiyanı formalaşdırır. Yəni din deyirsə ki, əqidən uğrunda döyüşməlisən, təhqirin cavabını verməlisən, onda insanlar da bu fikri qəbul edirlər və belə xarakterdə olmağa çalışırlar. Bu, hansısa mənada bir kişi üçün yaxşıdı. Həmin cəmiyyətdə oğlan uşağı kişi kimi formalaşır, özünü müdafiə edə bilir. Amma xaraktercə zəif olana da hörmət etmir. Çünki əqidə belədi ki, kişi öz şəxsiyyətini müdafiə etməyi, mənliyini qorumağı bacarmalıdı, edə bilmirsə, hörmətə layiq deyil. Bəlkə də hörmətsizliyə layiqdi.
Bu mövzuda mənimlə kimsə boşuna mübahisə etməsin. Bu barədə kifayət qədər məlumatım və eyni zamanda, dəlillərim var. Başa düşürəm ki, bu barədə yazmaq nə qədər həssasdı, ona görə də, hər bir fikri yazarkən dəlilə söykəndiyimə əmin ola bilərsiz. Dəlilləri isə ona görə görə göstərmirəm ki, qeyri-futbol mövzusu yazıda futbol mövzusundan çox yer tutmasın.
Qeyd etdik ki, din insanların psixologiyasını formalaşdırır, yönləndirir, istiqamətləndirir. Bir dinin (xristianlıq) peygəmbəri onu öldürənlər üçün “intiqamımı alın” deməyib, əksinə, minnətdarlığını bildirirsə, onda bu cür fəlsəfə bu dinin daşıyıcılarını xeyirxahlaşdırsa da, xarakterini zəiflədir, döyüş ruhunu azaldır. Təsadüfi deyil ki, İsa peyğəmbər haqqında “İsa öz mərhəməti ilə Avropa xalqlarının cəngavərlik ruhunu öldürdü” deyirlər.
İslam fəlsəfəsi isə insanın döyüş ruhunu, müqavimət qabiliyyətini artırsa da… Mən burda nöqtələri ona görə qoydum ki, İslam dini eyni zamanda da tənqidi qəbul etmir. Bu dinə görə, onu tənqid edən dindən çıxmış sayılır. Özümüzü müsəlman hesab etdiyimizdən, dinimizin tələblərinə əməl etməliyik.
Xristianlıqda isə tənqiddə problem yoxdu, icazə verilir. Həm də xristian olmadığımızdan, dindən çıxmaq qorxumuz da yoxdu.
“Dedovşina”
Bir müddət öncə uşaq komandalarından birində belə bir hadisə yaşanmışdı. Hansısa böyük yaşlı uşaq balaca uşağa ayaqqabısını təmizlətdirmişdi və sonra… Bu məsələ barəsində çox yazıldı, çox danışıldı, tədbirlər görüldü və unuduldu. Tədbiri görərkən bunun nümayişkəranə edilməsi, başqalarına dərs olması üçün müsbət haldı. Amma bununla iş bitmir. Belə hadisələr nədən qaynaqlanır?
Böyüklər hər hərəkəti ilə kiçiklərə nümunə olmalıdırlar. Hansısa azyaşlı uşaq başqasına ayaqqabısını sildirirsə, bunun günahı böyüklərdədi. Uşaqlar hər şeyi böyüklərdən öyrənirlər.
Bəs böyüklərdə belə işlər necə yaranır? Bunun kökü sovet dövrünə, daha dəqiqi, sovet ordusundakı “dedovşina”ya gedib çıxır. Ümumiyyətlə, “dedovşina” nə deməkdi? Gəlin, bunu başa düşməyə çalışaq. Deməli, orduya təzə gələn əsgərlər nisbətən yaşlı əsgərə hörmət qoymalı, onun sözündən çıxmamalı idi. Çünki o, “ded”, yəni “baba” hesab edilirdi. Sovet ordusunda xüsusi ilə “stroybat” adlanan tikinti batalyonlarında hökm sürən “dedovşina”, dil bilmədiyindən çoxusu bura göndərilən azərbaycanlılar tərəfindən yaxşıca “mənimsənilirdi”. Düzdü, başqa hərbi hissələrdə də “dedovşina” olurdu. Amma “stroybat”larda ultra səviyyədə idi. Bəli, bizim gənclər, əsgərlikdə gördüklərini xidmətləri başa çatdıqdan sonra mülki həyatda çalışdıqları və oxuduqları sahədə “tətbiq” edirdilər. Onlar mülki həyatın da bu cür olduğunu zənn edərək, çalışdıqları sahəyə bu gözlə baxırdılar. Bu vəziyyət bizim ordumuza da, həyatımızın müxtəlif sahələrinə də yol tapıb. Nəticədə nəsillər dəyişsə də, düşüncə tərzi dəyişməyib və artıq uşaqlara da sirayət olunub.
Nisbətən yaşlı nəsil xatırlayar, tələbə ali məktəbdən əsgərliyə yalnız təhsili başa vurduqdan sonra aparılırdı, orta ixtisas məktəblərindən isə yaşı çatan kimi. Yəni orta məktəbi qurtarıb texnikuma daxil olan tələbənin təxminən bir il sonra əsgərlik yaşı çatırdı və xidmətə yollanırdı. Ordudan təxris olunduqdan sonra təhsilini davam etdirirdi. Əksər halda “stroybat”a düşüb “dedovşina” görən bu əsgərlər qayıtdıqdan sonra texnikumda da “dedovşina” tətbiq edirdilər. Xatırlayıram ki, sovet ittifaqı dağılan ərəfədə oxuduğum texnikumun yataqxanasında qalan, hərbi xidmətdən yeni gələn əsgər-tələbə orta məktəbi qurtarıb yeni qəbul olan və həmin yataqxanada qalan cılız bir bir uşağı möhkəm döyərək, tapşırıq vermişdi ki, hər gün onun corablarını yusun və yemək hazırlasın. Təbii ki, bu işin üstü tezliklə açıldı, hansısa tədbir görüldü.
Başqa bir misal. İş elə gətirib ki, az bir müddət biznes obyektində idarəedici postda işləmişəm. Bir dəfə işçilərdən birinə irad bildirəndə, xahiş etdi ki, ona sözüm olanda təklikdə deyim. Soruşdum ki, niyə? Cavabı belə oldu ki, bu işçilərin içində “blatnoy”u var, “çumo”su var, hər “çumo”nun yanında niyə söz eşitməliyəm? Mən izah etməyə çalışdım ki, bu, kollektivdi, biz isə bir ailəyik. Burda “lotu”, “çumo” söhbəti ola bilməz. Olsa, hansısa uğur gözləyə bilmərik. Amma yəqin ki, xeyri olmadı. Çünki həmin adam həyatda əsgərlikdən başqa kollektivdə olmamışdı və elə zənn edirdi ki, orda gördükləri elə həyatın özüdü.
Sözümün canı odur ki, aşıq gördüyünü söylər misalı, bizim adamların da əksəri həyatı “dedovşina” kimi başa düşdüyündən, işlədikləri sahələrdə də bunu tətbiq edirdilər. Bu, futboldan da yan ötməyib. İndi dəqiq bilmirəm, təxminən 10-15 il öncəyədək futbolumuzda “dedovşina” var idi. Yəni gənc futbolçu yaşlı futbolçuya hörmət etməliydi, özünü kiçik kimi aparmalıydı. Lazım olsa, yaşlı futbolçunun çantasını daşıyırdı, həm də bunu məmnuniyyətlə edirdi. Fikrimcə, böyüyə müəyyən qədər hörmətlə yanaşmaq olar, amma meydandan kənarda. Tutalım, gənc hücumçu oyunda “ağsaqqal” oyunçu ilə üz-üzə gəlib və onu aldadıb keçməlidi. Necə edəcək? “Dedovşina” məntiqi ilə ona hörmət edərək, aldatmamalıdı? Bu, idmanın prinsiplərinə zidd deyilmi? Yaxud “ağsaqqal” oyunçu ayaqlarını aralı qoyub, müdafiə olunur. Gənc futbolçunun yeganə variantı topu onun ayaqları arasından keçirməkdi, bunu etməməlidi? Axı ayaqların arasından top atmaq futbol qaydaları ilə qadağan edilməyib.
“Dedovşina” olan yerdə gənc futbolçu inkişaf edə bilməz. Mən məsləhət görürəm ki, Lionel Messinin ilk qolunun videosuna baxasız. Dəqiqəyarımlıq bu video bəlkə bütöv bir filmin anlada bilmədiyini izah edə bilir. Baxın, Ronaldinyonun Messiyə ötürməsi, Messinin qolu vurduqdan sonra braziliyalının onu kürəyinə alıb daşıması, kapitan Karles Puyolun sevinərək Leonun ayağına gəlib, onu təbrik etməsi, daha nələr, nələr…
Çempionlar Liqasının yarımfinalına çıxan “Ayaks”ın heyətindəki kapitan Matteys de Liqtin cəmi 19 yaşı var və demək olar ki, komandanın yaşca ən kiçik oyunçusudu. Bu klubda 30 yaş həndəvərində oyunçular var ki, kapitanlığa layiqdi. Amma onlar 19 yaşlı yeniyetmə-gənci kapitan kimi qəbul edirlər. Bizim futbolda belə bir nümunə varmı?
Atmosfer
Futbolda klubdaxili atmosfer taktika, texnika qədər vacibdi. Yəni sən dünyanın bütün ulduzlarını bir yerə yığ, amma onların arasındakı münasibət pis olsa, bu komanda uğur qazana bilməz. Ona görə də, mütəxəssislər klubdaxili atmosferi çox vacib sayırlar. Hətta bu mühiti pozan futbolçunu, superulduz olsa belə, komandadan kənarlaşdırırlar. Mario Balotelli nümunəsi gözümüzün qabağındadı. Yurgen Klopp belələrini “nəcis” adlandırır:
“Mənim komandamda nəcis ola bilməz, hətta o, topla yaxşı hərəkət edə bilsə belə. Kollektiv istedaddan yüksəkdi, vacibdi”.
Bunları nəzərə alaraq, uşaqlara futbolun sirlərini öyrədərkən, onlara bir-birinə hörmət etmək, komandanın bir nəfərdən asılı olmadığı aşılanmalıdı. Bunu uşaq yaşlarında öyrətmək, başa salmaq daha asandı. Artıq böyüyüb psixologiyası formalaşandan sonra bu iş çətin olur. Təkcə futbol komandasında deyil, hər bir kollektivdə bu, vacibdi.
Xarakter
Ümumiyyətlə, bir şey qəbul olunmalıdı ki, insanlar müxtəlif xarakterli olurlar, güclü, zəif, fərqli düşünən… Sənin pis iş hesab etdiyin, ona görə düzgün ola bilər. “Kim mənim kimi düşünmürsə, bizdən deyil” fikri faşizimdi. Bir də görürsən, kimsə sosial şəbəkədə yazır ki, “filan adam düz etmir, bu hərəkət düz deyil”, filan, filan… A kişi, bu, sənin düşüncənə görə düz deyil, ona görə isə düzdü. İmkan ver, hərə öz nöqteyi-nəzərindən düşünsün. Sən hadisəyə öz baxış bucağından baxırsan, amma onun baxış bucağı fərqlidi. Ona görə də, qoy başa düşdüyü kimi eləsin.
İsa peyğəmbər deyib: “Mühakimə eləmə, mühakimə olunmazsan”.
Xarakterindən, yaşından, dinindən, irqindən, millətindən asılı olmayaraq, komanda daxilində hamı eyni olmalıdı. Özününkünə hörmət göstərib, gəlmə oyunçuya ögeylik etmək komandadaxili atmosferi pozur, həm də gənc futbolçunun düzgün istiqamətdə inkişafına mane olur. Məhz bəlkə də bu səbəbdəndu ki, bizim futbolçular kənarda duruş gətirə bilmirlər. Onlar başqa komandalarda həmin oyunçulara yad kimi yanaşır, özününkü bilmir, özünü də orda artıq tikə kimi hiss edir, qaynayıb qarışmır. Bəli, fərqli xasiyyət, fərqli düşüncə onlara mane olur və gedib başqa klublarda çıxış edərkən, məsələlərə öz düşüncə tərzləri ilə yanaşırlar, ancaq onlarda fərqli psixologiyadı. Bu fərqli psixologiya oyuna da təsir edir, davranışa da təsir edir, qarşılıqlı münasibətə də təsir edir. Baxın, Kamran Ağayev, istedadlı qapıçıdı. Amma neçə kluba getdi, uyğunlaşa bilmədi. Eləcə də digər futbolçularımız. Lakin Ramil Şeydayev Rusiyada doğulub, Rusiyada böyüyüb, bu psixologiyaya bələddi və ona görə də, Rusiyada normal səviyyədə çıxış edə bilir. Ancaq o da Türkiyədə davam gətirmədi. Bizim dünyaya, bütün cəmiyyətlərə inteqrasiya olmağımız lazımdı.
Gözlər qəlbin aynasıdı
Bəzən məktəbdə, məhəllədə, tamamilə zəif xarakterli uşaq hamı tərəfindən alçaldılır, hərə bir qapaz ilişdirir, ona müxtəlif təhqiredici adlar qoyurlar. Bir başqasına “qrex”in var deyib, onu da gözdən salıb, təkləyirlər. Belə olduqda həmin adamlar cəmiyyət tərəfindən kənarlaşdırılır və təklənirlər. Elina kimi. Məhz təkləndikdən sonra onlar özlərinə qapanırlar. İntihar etməyib dözsələr belə, adamlar gələcəkdə seçilmişlərdən ola bilirlər. Elinada da belə oldu, amma o dözmədi. Düzdü, o da seçilmişlərdən oldu. Amma bunu ölümü bahasına əldə etdi. Bütün məşhur adamların keçmişinə baxsaz, xeyli kədərli, hətta faciəli həyat yolları olduğunu görərsiz. Həqiqətə gedən yol rahat olmur.
Belə bir məsəl var: “Gözlər qəlbin aynasıdı”. Bir çox düşüncə adamının fikrincə, bir insanın kədərli baxışları varsa, bu, onun mənəvi cəhətdən inkişaf etdiyinin göstəricisidi. Kədərli baxışlar bir çox mənəvi və maddi əzablardan sonra yaranır. Belə çıxır ki, mənəvi cəhətdən inkişaf etmək üçün əzab çəkməlisən. Amma elə cəmiyyət var ki, bu cür görünüş, yəni kədərli baxışlar acizliyin, fağırlığın göstəricisi sayılır. Belə cəmiyyətdə ideal görünüş Polad Ələmdar kimi olmaq, onun kimi “zloy-zloy” baxmaqdı.
Yalnız küt adamlar özlərindən əmin olurlar. Onlar düşünürlər ki, hər şeyi bilirlər. Ancaq dərrakəsi geniş olan adamlar daha çox bildikcə, dərk edirlər ki, heç nə bilmirlər. Ona görə də, baxışlarında çaşqınlıq, kədər duyulur. Bir də onlarla bərabər eyni cəmiyyəti küt adamlar paylaşırlar. Və həmin adamlar günlərin bir günü üz-üzə gəldikdə, qarşılaşdıqda şəkillərdə gördüyünüz mənzərə yaranır.
Bu qədər. Bəlkə də bu yazı anlaşılmaz, məntiqsiz görünə bilər. Amma hər işdə məntiq axtarmaq da vacib deyil. Bəzən məntiqsizlikdə də məntiq tapmaq mümkündü.
Hə, bir də… Sokrat deyib: “Mən onu bilirəm ki, heç nə bilmirəm”.
Bizi Facebook-da izləyin