“Dedi ki, çıxın mübarizə aparın” – Müsahibə
DÇ-2024-ün əsas mərhələsi çərçivəsində sabah ilk oyununa çıxacaq futzal üzrə Azərbaycan millisi Polşa ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında hazırlığını davam etdirən millinin üzvü Tyaqo Bolinya Futzal Federasiyasının saytına müsahibə verib:
– Oyuna qədər cəmi bir məşq qaldı. Komandada vəziyyət necədir?
– Yenidən burada olmaqdan, Azərbaycan millisinin formasını geyinməkdən məmnunam. Atmosfer çox yaxşıdır. Bütün heyət üzvləri məsuliyyətlə və ciddi hazırlaşır. İşləmək üçün vaxtımız azdır, amma rəqibi doğma meydanda qəbul edəcəyik. Ona görə də, yaxşı oynamalı, zala təşrif buyuracaq, eləcə də ekran qarşısında bizi izləyəcək azarkeşlərimizi sevindirməliyik.
– Bir neçə futzalçının zədəli olması, bəzilərinin isə məşqləri yeni bərpa etməsi baş məşqçini narahat edir…
– Eduardo Borqes və Ramiz Çovdarov komandamız üçün hər zaman vacib oyunçulardır. Amma səbəblər hər zaman olur. Bəli, özüm istirahətdə idim, cəmi iki həftədir məşqlərə başlamışam. Qalo və Fineo da həmçinin. Ancaq komanda olaraq potensialımız böyükdür, kollektivə inanıram.
– Polşa yığmasının oyununu izləmisiz?
– Braziliya ilə yoldaşlıq oyununu izləmişəm. Çox yaxşı çıxış etdilər. Sloveniya və Portuqaliya ilə də görüşüblər. Güclü, fiziki cəhətdən hazırdırlar, meydanda çox hərəkət edirlər. Son iki Avropa çempionatında iştirak etmələri də inkişafda olduqlarını göstərir. Ancaq bizim komanda da təcrübəli futzalçılardan qurulub. Üstəlik, doğma meydanda oynayırıq. Yalnız qələbə haqda düşünürük.
– Federasiya prezidenti komanda ilə görüşdə nə dedi?
– Dedi ki, komandaya həmişəki kimi inanıram, çıxın mübarizə aparın və qarşıdakı iki oyunda 6 xal qazanın.
– Klubda işləriniz necə gedir?
– “Sportinq Paris” Fransa çempionudur və bu ay Çempionlar Liqasında iştirak edəcək. Komanda yoldaşlarımı yaxşı tanıyıram. Orada olmaqdan məmnunam. Qarşıya ciddi məqsədlər qoyulub. Xüsusilə də, ÇL-də uğurlu çıxış etmək istəyirik. Maraqlıdır ki, qrupumuzda yer alan digər klubların heyətində milli komandadakı yoldaşlarım da var. Eduardo Borqes və Rafael Vilela ilə bu dəfə rəqib kimi üz-üzə gələcəyik. Çox çətin olacaq. Ancaq heyətimiz güclənib, yaxşı qapıçı dəvət olunub, Fineo və daha bir braziliyalı oyunçu ilə anlaşıblar.
Sabah Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Polşa oyunu saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin