De Byazinin anlaşılan, anlaşılmayan qərarları – TƏHLİL
Vüqar Məmmədov
Serbiya ilə oyunda Azərbaycan millisinin taktiki sxemini istər yayımçı kanal, istərsə “livescore.com” saytı 4-4-2 kimi göstərirdi. Amma biz oyunun gedişində gördük ki, komandamız 5-3-2 sistemi ilə oynayır. Həm də, fərq təkcə sxemdə yarımmüdafiəçi kimi göstərilən Abbas Hüseynovun sağ kənar müdafiəçisi mövqeyində olmasına görə deyil, Maksim Medvedevin müdafiənin mərkəzində görünməsində idi. Deməli, müdafiə xəttində düzülən beşlik sağdan sola belə idi: Abbas Hüseynov – Bədavi Hüseynov – Maksim Medvedyev – Elvin Bədəlov – Anton Krivotsyuk.
Abbasın müdafiədə olduğunu nəzərə alsaq, yarımmüdəfiədə üç oyunçu var idi – sağda Emin Mahmudov, solda Azər Salahlı, mərkəzdə İsmayıl İbrahimli. Meydana baxdıqda Emin və Azər bir qədər öndə, İbrahimli isə onlara nisbətən geridə, müdafiəyə yaxın durmuşdu. Gördüklərimizə inansaq, İbrahimlinin tutduğu mövqeyə əsasən bu oyunda ona dayaq müdafiəçisi demək olar.
İrəlidə Anatoli Nuriyev və Əli Qurbani yerləşmişdi. Oyunun gedişindən asılı olaraq, Əli öndə, Anatoli isə nisbətən arxada, bəzən yan-yana oynayırdılar, bəzən də çarpaz şəkildə yerlərini dəyişirdilər. Oyunçuların fərdi keyfiyyətlərinə baxsaq, meydanda cəmi üç hücumameylli oyunçumuz var idi: Əli Qurbani, Anatoli Nuriyev və Emin Mahmudov. Qalanları fərdi müdafiə keyfiyyətləri hücum keyfiyyətlərindən daha üstün olan oyunçular idi.
Oyun tərzimizi açmağa çalışsaq, başa düşdüyüm qədəriylə yığmamızın məqsədi rəqibə irəlidə pressinq etmək, öndəki iki hücumçunun hesabına rəqibi səhv etməyə məcbur edib, topu almaqla serblərin cərimə meydançası qarşısında təklükəli vəziyyət yaradaraq, bundan yararlanmaq idi.
Hər halda, birinci hissədə də, ikinci hissədə də millimiz yuxarıda qeyd etdiyim taktiki gedişdən istifadə etməklə, təhlükəli vəziyyətlər yarada bildi. Hətta Əli və Anatolini əvəzləyən digər iki hücumçunun – Mahir Emreliylə Ramil Şeydayevin də az müddət birlikdə oynamalarına baxmayaraq, bu cür imkanları oldu.
Bəs yığmamız niyə belə taktika seçmişdi? Yəni niyə öndə pressinq edirdi? Məsələn, ənənəvi əks-hücum taktikası seçib, rəqibi arxada qarşılayaraq, topu alıb sürətlə çıxmaqla serbləri azlıqda da yaxalamaq olardı. Məncə, bu, onunla əlaqədardır ki, topu öz sahəndə alandan sonra da rəqib cərimə meydançasınadək müəyyən məsafə qət etməlisən. Bu zaman yenidən topu itirə bilərsən. Bəzən əks-hücuma çıxanda rəqibin keyfiyyətləri o qədər üstün olur ki, sən heç bunu da edə bilmirsən. Məsələn, Portuqaliya ilə oyunun birinci hissəsində müdafiədən oynadıq və bir normal əks-hücum belə, qura bilmədik. Bunun üçün sürət, texnika həm də, cəld qərar vermək qabiliyyətin olmalıdır.
Ancaq rəqib qapısı həndəvərində topu alanda onu çox daşımaq lazım deyil. Dərhal işi başa çatdırırsan. Ya qapıya düşə bilirsən, ya kənara vurursan. Hətta orda topu itirsən belə, iki hücumçunu çıxsaq, arxada qapıçıdan başqa, səkkiz meydan oyunçun qalır, toparlanıb yerini ala bilirsən. İrəlidə də çox qüvvən qalmır. Tamaşaçı da baxanda nisbətən sevinir ki, komandamız müdafiədə oturmayıb, öndə pressinq edir – bravo.
Azərbaycan yığması öndə pressinq etsə də, əsasən topsuz oynadı. Bəs niyə De Byazi topla çox oynamağa şərait yaratmadı? Çünki bizim futbolçular texnika sarıdan rəqibə uduzur. Bunun da kökü gedib uşaq futboluna çıxır. Bunlar uşaq vaxtı məşqçilərinin onlara daha çox topla oyun vermək əvəzinə, mənasız kross qaçırmalarının “zibilləridir”. Qeyd edim ki, təkcə bizim futbol məktəbinin yetirmələrində deyil, Ukrayna futbolunun yetirməsi olan Anton Krivotsyukda da bəzi belə problemlər nəzərə çarpır. Görünür, postsovet ölkələri keçmiş futbol metodikasından tam qurtula bilməyib.
Bizim komanda hesabı bərabərləşdirdikdən sonra serblər təzyiqi artırmışdı. Portuqaliya ilə ağır oyun keçirdiklərini nəzərə alsaq, onların gücünün tükənəcəyini gözləmək olardı. Amma qol onlar üçün tam zamanında gəldi. Çox güman ki, bir az keçsə idi yorulacaqdılar və yığmamız da belə vəziyyətdən istifadə edə bilərdi. Görünür, bunu De Byazi də başa düşürdü və elə yəqin bu səbəbdən hücumçuları dəyişdi ki, irəlidə Ramillə Mahir hücumu gücləndirsin. Mahir zədə almasaydı, bəlkə də, biz fərqli nəticəyə şahid ola bilərdik.
Amma gözlənilən baş verdi. Serblər lazım olan qolu vaxtında vurub, hesabı qorudu. Adətən udan komanda xırda cərimələrlə oyunun tempini aşağı salır. Serblər oyunun sonunda bizi bu cərimələri etməyə məcbur edərək, sonda istədiyi nəticəni ala bildi.
Ümumən, taktikaya və məşqçinin həmlələrinə məntiqli baxmaq olardı. Sadəcə Mahir Emrelinin Elvin Cəfərquliyevlə əvəzlənməyini başa düşmək olmur. Cəfərquliyev bildiyim qədər cinah müdafiəçisidir. Oyuna girəndə zənn etdim ki, öz mövqeyində oynayacaq və hansısa başqa futbolçu hücuma gedəcək (hərçənd, orta və arxa xətdə belə bir oyunçu da yox idi), yəni yerdəyişmə olacaq. Amma yox, Elvin Cəfərquliyev Ramil Şeydayevlə hücum tandemini təşkil etdi. Bax, bu gedişə izah tapmaq olmur. Bəlkə, baş məşqçi onun müdafiə keyfiyyəti sayılan top almaq bacarığının yüksək olduğunu düşünüb, irəlidə pressinq zamanı bundan istifadə etmək istəyib? Nə bilim, vallah. Hər halda, ağlıma başqa fikir gəlmədi. Həmin an çempionatın bombardiri Namiq Ələsgərova ehtiyac var idi. Amma o, ümumiyyətlə heyətə salınmamışdı. Ehtiyatda isə Mahiri əvəz edəcək Tural Bayramov və Aleksey İsayev qalmışdı. Tural gənc olsa da qol duyumu var. Alekseyin isə futboldankənar hərəkətinə göz yumsaq, texnikalıdır və Şeydayevin arxasında faydalı ola bilərdi. Bundan başqa, Emin Mahmudovu önə çəkib, Vüqar Mustafayevi “Neftçi”nin kapitanının oynadığı mövqeyə də qoymaq olardı. Təbii ki, bunlar versiyalardır. Azərbaycan yığmasının baş məşqçisi isə Canni De Byazidir. Yəqin bildiyi nəsə var idi ki, belə addım atdı. Amma bilik nəticə gətirməyəndə şübhə yaradır.
Final fitindən sonra rəqibin baş məşqçisi Draqan Stoykoviç hakimə yəqin ki, oyun barədə narazılığını bildirirdi. Bu zaman serb oyunçu, səhv eləmirəmsə, hər iki qolun müəllifi Mitroviç hakimə yaxınlaşıb, təşəkkür əlaməti olaraq görüşdü. Referi də narazı məşqçiyə təşəkkür edən oyunçunu göstərib “görürsən, futbolçun hakimlikdən razıdır” şəklində nə isə dedi və getdi.
Oyunun yayımı normal idi. Amma bəzi anlarda oyun gedə-gedə bir az öncəki epizodun təkrarını verirdilər. Adətən bunu Avropada oyun dayananda edirlər. Düşünürəm ki, belə düzgündür. Oyunun hər saniyəsi əhəmiyyətlidir. Hər halda, yayım Qətər – Azərbaycan oyunundakından çox-çox yaxşı idi. Həmin matçın rejissoru (yəqin ki, Qətər televiziyasının) epizodlara o qədər aludə olurdu ki, bu zaman oyundakı xeyli anları qaçırdırdıq. Yayımı nə qədər normal qiymətləndirsək də, bunu da deməliyik ki, bəzi vacib və maraqlı anların təkrarı verilmədir. Məsələn, biz bilmədik ki, birinci hissədə Əli Qurbaninin dodağını kim partlatdı. Həmin epizod “qırmızılıq” idi, “sarılıq” idi, yoxsa adi toqquşma idi?
Elnur Məmmədli yüksək intellektə malik, orijinal keyfiyyətləri olan şərhçidir. Bu öz yerində. Ancaq oyunun taktiki izahı üçün şərhçinin yanında bir mütəxəssisin olması vacibdir. Lazım deyil oyunboyu danışsın və diksiyası yüksək səviyyədə olsun. Sadəcə hər 15-20 dəqiqədən bir matçın taktiki gedişi barədə bir-iki kəlmə desə, kifayətdir. Düşünürəm ki, bu, şərhi daha da maraqlı edər.
Bizi Facebook-da izləyin