DÇ-2026-nı qəbul edəcək bütün şəhərlər bilindi
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına ev sahibliyi edəcək bütün şəhərlər məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Mundial ilk dəfə üç ölkədə keçiriləcək: ABŞ, Meksika və Kanada. ABŞ-da dünya kuboku matçlarına Kanzas-Siti, Hyuston, Atlanta, Dallas, Sietl, San-Fransisko, Los-Anceles, Boston, Filadelfiya, Mayami və Şərqi Ruterford (Nyu Cersi) ev sahibliyi edəcək. Turnir həmçinin Meksikanın üç şəhərində keçiriləcək: Mexiko, Monterre və Qvadalahara. Kanadada dünya çempionatının oyunlarına Vankuver və Toronto ev sahibliyi edəcək.
Final matçının keçiriləcəyi yer daha sonra açıqlanacaq.
2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda çıxış edəcək. Əvvəllər dünya çempionatlarında 32 komanda iştirak edirdi.
Futbol üzrə dünya çempionatı 1970 və 1986-cı illərdə Meksikada keçirilib. ABŞ 1994-cü ildə dünya çempionatının ev sahibi olub, Kanada isə ilk dəfə mundiala ev sahibliyi edəcək.
Bizi Facebook-da izləyin