DÇ-də uğur qazanan ağır atletlərlə nazirlikdə görüş keçirildi

Bu gün Azərbaycan Gənclər və İdman Naziliyinin Konfrans zalında ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində tarixi uğur qazanan Azərbaycan yığma komandasının üzvləri ilə görüş olub.

Komanda.az xəbər verir ki, tədbirdə AGİN müavini İsmayıl İsmayılov, qurumun digər nümayəndə və rəsmiləri, həmçinin federasiya nümayəndələri, məşqçi və idmançılar iştirak ediblər.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov yarışda uğur qazanan idmançıları təbrik edib. O, ölkədə idmana göstərilən dövlət qayğısından söhbət açıb və Azərbaycanın “Bakı 2015” I Avropa Oyunları, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları, “Formula 1″ kimi nüfuzlu yarışlara ev sahibliyi etdiyini söyləyib. Nazirlik rəsmisi idmançılara Yay Olimpiya Oyunlarında da uğur qazanmağı arzulayıb.
Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov da ölkədə idmana göstərilən dəstəkdən söhbət açıb. O, atletlərin ABŞ-da böyük uğura imza atdığını deyib: “İdmançılarımız yarışa tam hazır getmişdilər. Nəticələri qənaətbəxş saymaq olar. Bu gənclər gələcəkdə əsas heyəti formalaşdıracaqlar. Ümid edirəm ki, nəticələrimizlə hamını sevindirməyə davam edəcəyik”.

Millimizin baş məşqçisi Asif Məmmədov da təəssüratlarını bölüşüb: “Yarışa daha böyük heyətdə qatıla bilərdik. Ancaq zədələr bəzi idmançıların ABŞ-a getməsinə əngəl oldu. Buna baxmayaraq, bu dəfə dünya birinciliyində daha çox medal qazana bildik. Bizə yaradılan şəraitə, mütəmadi təlim-məşq toplanışlarına, bütün çətinliklirlərimizin həllinə göstərdikləri səyə görə həm AAAF, həm də AGİN-ə təşəkkür edirəm. Əminəm ki, bizim uğurlarımız davamlı olacaq, ölkəmizi layiqincə təmsil etməkdə davam edəcəyik”.

Sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Xatırladaq ki, 44 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda milli komandamızın 4 üzvü mükafatçılar sırasına düşüb. Ömər Cavadov (55 kq) və Rüstəm Qasımov (67 kq) birdən qaldırma hərəkətində bürünc medal əldə ediblər. Əli Şükürlü (102 kq) həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medalla sahib çıxıb. Rəhman Kazımov (+102 kq) isə təkanla qaldırma hərəkətində qızıl medal qazanıb. Azərbaycan millisi komanda hesabında 5-ci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button