DÇ: Bakıda Paris-2024-ə son lisenziyalar oynanıldı
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında Paris-2024 Yay Olimpiya Oyunlarına son lisenziyalar oynanılıb.
Komanda.az xəbər verir ki, bu gün stend atıcılığının səngər növündə qadın medalçıların adlarına aydınlıq gəlib.
Qızıl medal uğrunda yarışda Çin Taypeyini təmsil edən Lin Yi Çun London-2012 olimpiadasının qalibi Cessika Rossini 40:39 hesabı ilə üstələyib. Bürünc medala isə 28 dəqiq atışla Almaniyanı təmsil edən Ketrin Murçe sahib olub .
Yekunda Çin Taypeyi, Almaniya, Çin və Hindistan atıcıları ölkələri üçün Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.
Stend atıcılığının səngər növü üzrə kişilər arasında yarışda isə qızıl medala xorvatiyalı Covanni Çernoqoras sahib olub. Ondan 3 xal geri qalan slovakiyalı Marian Kovakosi 41 xalla gümüş medal qazanıb. Küveyt yığmasının üzvü Xaled Almudhaf 31 xalla üçüncü yeri tutub.
Paris-2024-ə lisenziyanı Xorvatiya, Slovakiya və Küveyt təmsilçiləri ilə yanaşı, finalda iştirak edən italiyalı atıcı Covanni Pellielo əldə edib.
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.
Bizi Facebook-da izləyin