DÇ-2022-nin penaltilər seriyasındakı uğurun sirri – Açıqlama
Argentina millisinin qapıçısı Emiliano Martines DÇ-2022-nin finalında Fransa ilə oyunda (3:3, 4:2 penalti) penaltilər seriyası öncəsi komanda yoldaşlarına verdiyi məsləhətlərdən danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Martines, özünün bir zərbəni dəf etməsindən sonra komanda yoldaşlarına rəqib qapıçının dayandığı “çərçivə”nin mərkəzini nişan almağı məsləhət görüb:
“Biz penaltilər seriyasında Olivye Jiru üçün hazırlaşırdıq, amma o, artıq meydanda deyildi. Osman Dembele meydanda deyildi, Antuan Qrizmann meydanda deyildi. Bəs orada kim var idi?
Komanda yoldaşlarıma dedim ki, mən birinci penaltini dəf edəndə, onlar növbəti penalti zərbəsi zamanı topu rəqib qapıçının dayandığı qapının mərkəzinə vursunlar. Bilirsiz niyə? Bunu çoxillik psixoloji hazırlığımdan öyrənmişəm. Rəqib qapıçı bu an təzyiq altında olur və kənara tullanır. Heç kim dünya çempionatının finalında qapının mərkəzində dayanaraq, axmaq kimi görünmək istəməz”.
Martinesin ilk qurtarışından sonra komanda yoldaşı Paulo Dibala “nöqtə”yə yaxınlaşaraq, qapının mərkəzinə zərbə endirib, fransalı qapıçı Uqo Lloris isə küncə tullanıb.
Bizi Facebook-da izləyin