DÇ-2022: Messidən yeni rekordlar
Qətərdəki dünya çempionatı çərçivəsində Meksikya yığması ilə oyun Argentina millisinin hücumçusu Lionel Messi üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, 35 yaşlı futbolçu 2:0 hesabı ilə qalib gəldikləri matçda komandasının ilk qoluna imza atıb.
Təcrübəli forvard mundial tarixində cərimə meydançasının kənarından vurduğu qolların sayını dördə çatdırıb. Bu, 2006-cı ildəki yarışdan sonra ən yaxşı göstəricidir. Messi İspaniya yığmasının sabiq hücumçusu David Vilya və Uruqvay millisinin keçmiş forvardı Dieqo Forlanı (hərəyə 3 dəfə) geridə qoyub. Mütləq rekord isə braziliyalı Roberto Rivelinoya məxsusdur. 76 yaşlı sabiq yarımmüdafiəçi mundiallar tarixində 5 dəfə cərimə meydançasının kənarından fərqlənə bilib.
Dünya çempionatlarında 21-ci qarşılaşmasına çıxan Messi bu göstəriciyə görə əfsanəvi Dieqo Maradonanın nailiyyətini təkrarlayıb. O, dünya çempionatlarında vurulan qol sayında da Maradonaya çatıb – 8 qol. Argentina yığmasında dünya çempionatlarında ən çox qol vurmuş futbolçu isə Qabrieul Batistutadır.
Bu mundialda komandasının Səudiyyə Ərəbistanı ilə matçında da yeganə qolu məhz Messi vurmuşdu. Leo ardıcıl 6 oyundur yığmanın heyətində fərqlənir. Bu, Argentina millisində ən uzun seriyanın təkrarıdır. Əvvəlki rekord da elə Messinin özünə məxsusdur. O, 2011-2012-ci illər aralığında da ardıcıl 6 oyunda qol vurmağı bacarmışdı.
Messi DÇ-1966-dan sonra ilk dəfə dünya çempionatlarında həm qol vurub, həm də məhsuldar ötürmə müəllifi olan ən gənc və ən yaşlı oyunçuya çevrildi. O, 18 yaş 357 günlüyündə Serbiya ilə oyunda həm qol vurmuş, həm də məhsuldar ötürmə etmişdi. İndi isə o, 35 yaş 155 günlüyündə də bunu təkrarlamaqla yeni rekorda imza atdı.
2006-cı ildən etibarən 5 dünya çempionatında iştirak etmiş Messi bu mundialların hər birində məhsuldar ötürmə müəllifi olan yeganə futbolçuya çevrilib.
Bizi Facebook-da izləyin