Dario Federiko: “O qolda mənim də payım vardı”
“Neftçi”nin futbolçusu Dario Federiko Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, ukraynalı futbolçu 2:2 hesabıyla başa çatan oyundan sonra jurnalistlərə müsahibəsində öncə bunları söyləyib:
- Gözlənilmədən iki qol buraxdıq. Hücum etməyə çalışanda, rəqib bizi əks-hücumda yaxalayaraq, iki qol vurdu. Buna baxmayaraq, böyük əzmkarlıq göstərərək, sona qədər mübarizə apardıq və hesabı barəbərləşdirdik.
- Fasiləyə məğlub vəziyyətdə yollanmışdız. Həmin vaxt komandada inam vardı? Nəzərə alaq ki, həmin vaxta qədər “Neftçi” yaxşı oynamamışdı.
- Birinci hissənin sonlarında vurduğumuz qol bizə daha çox inam verdi. Fasilədə də baş məşqçi bizə öz tapşırıqlarını verdi. Bundan sonra oyunda dəyişiklik yarada biləcəyimizə inandıq və bunu bacardıq.
- Son iki oyunda özünə bənzəmirsən. Oyunun alınmır, yoxsa səbəb başqadı?
- Düşünmürəm ki, öz oyunumu göstərə bilmirəm. Əlimdən gələn qədər komandaya kömək etməyə çalışıram. Son oyunlarda 2 qol vurmuşam. Deməzdim ki, oyunum alınmır.
- Bu gün komandaya kömək edə bildiyini düşünürsən?
- Əlbəttə. Komandaya köməyimin dəydiyini düşünürəm. Vurduğumuz ilk qolda payım böyükdü. Mənim vurduğum zərbədən sonra top Monrozun qarşısına düşdü, o da hesabı açdı. O qolda mənim də payım vardı.
- Cavab matçı ilə bağlı nə düşünürsən? “Neftçi” ilk hissədəki kimi oynasa, işi çətin olacaq. Şansları necə dəyərləndirirsən?
- Komandaya inamım böyükdü. Çünki son vaxtlar gözəl oyun nümayiş etdiririk. Güclü komanda olduğumuzu bir neçə dəfə sübut etmişik. Səfərə yalnız qələbə üçün gedəcəyik. Öz oyunumuzu göstərəcəyik. Bu gün buraxdığımız iki qol rəqibin gözəl oyununun bəhrəsi deyildi, bizim etdiyimiz səhvlərdən oldu. İnanırıq ki, səfərdə nəticə bizim xeyrimizə olacaq.
- Hər kəs “Arsenal”ın (Rusiya) “Bney Yehuda”dan daha güclü olduğunu bildirirdi. Bu fikirlər komandada arxayınlıq yaratmadı?
- Deməzdim ki, du deyilənlər bizə əks-təsir edib. Müasir futbolda zəif və ya güclü komanda amili yoxdu. Dəfələrlə zəif hesab olunan komandaların qlaib gəldiklərini görmüşük. Bu da futbolçuların meydanda əzmkarlığından, istəyindən asılıdı.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin