Dani Alveş azadlığa buraxılıb
İspaniya məhkəməsi “Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveşin cinsi zorakılıq işi üzrə hökmdən verilən apellyasiya şikayətinə baxılarkən girov müqabilində həbsdən azad edilməsinə qərar verib.
Komanda.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Girov məbləğinin 1 milyon avro olduğu qeyd edilir. Eyni zamanda, Alveş hər iki pasportu – İspaniya və Braziliya pasportlarını təhvil verməlidir. Onun krallığın ərazisini tərk etməsi qadağandır, futbolçu lazım gəldikdə məhkəməyə çağırılacaq.
Barselona məhkəməsi fevralın 22-də 40 yaşlı Alveşi 2022-ci ildə yerli gecə klubunda bir qıza təcavüz etdiyinə görə 4,5 il müddətinə azadlıqdan məhrum edib. Bundan əlavə, o, zərərçəkənə mənəvi təzminat şəklində 150 min avro ödəməyə məcbur edilib.
“Barselona” bu hadisədən sonra Alveşi “Klub əfsanələri” siyahısından çıxarıb. Braziliyalı müdafiəçi Kataloniya komandasında 2008/16-cı illərdə, sonra isə 2021/22-ci illərdə çıxış edib.
Bizi Facebook-da izləyin