“Bico”: “Həqiqətən, bu, bizim üçün böyük bir ləkədir” – Müsahibə
Futbolçu karyerasında daha çox “Simurq”dakı çıxışı ilə tanınan, hazırda MOİK-də çalışan “Bico” ləqəbli Ramin Nəsibovun Komanda.az saytına müsahibəsi:
- Ramin bəy, işləriniz necə gedir?
- Şükür, yaxşıdır. Hazırda MOİK-də baş məşqçinin köməkçisi kimi çalışıram.
- 1-ci divizionda mövsüm koronavirus pandemiyasına görə ləğv olundu. Qərara münasibətiniz necədir?
- Gözlənilən qərar idi. Çünki 1-ci diviziondan Premyer Liqaya heç kim yüksəlmir. Sağlamlıq birinci növbədə olmalıdır. Buna baxmayaraq, Premyer Liqa oynanılmalıdır. Çünki yeni mövsümdə klublarımız avrokuboklarda iştirak edəcək. Ona görə, Premyer Liqa sona kimi oynanılmalıdır.
- Ötən il divizionda çempion olsaz da, Premyer Liqada çıxış edə bilmədiz. Belə vəziyyətdə oynamaq çətin olmur?
- Premyer Liqaya çıxmaq üçün büdcə, normal maaşlar, belə deyək də, komandanın bütün şəraiti olmalıdır. Birinci divizion çox fərqlidir. Divizionda çempion olan komanda Premyer Liqaya buna görə yüksəlmir. Əsas olan onun imkanları, büdcəsidir. Büdcəsi, şəraiti olmayan klubun Premyer Liqaya çıxması mənasızdır. Çünki ora gedəndə normal rəqabət apara bilməyəcəksən, yaxşı futbolçu yetişdirə bilməyəcəksən. Yaxşı legioner də gətirə bilməyəndən sonra Premyer Liqada nə edəcəksən? Mən də istərdim ki, “Kəpəz”, “Turan”, “Zaqatala” Premyer Liqada iştirak etsin.
- Mövsümün ortalarında Premyer Liqada komanda sayının artırılacağı deyilirdi. Ancaq AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov koronavirusa görə 8 komandalı çempionatın davam edəcəyini bildirdi.
- Yəqin belə qərara gəliblər. Həqiqətən, çox istərdim ki, “Kəpəz”, “Turan”, “Zaqatala” Premyer Liqada çıxış etsin. Premyer Liqada nə qədər çox komanda olsa, o qədər yaxşıdır. Klubların sayı çoxalanda futbolçuların da sayı artacaq və bu da milli komanda üçün faydalı ola bilər. MOİK-in də bazasında işlər görülür. Bu komandanın da Premyer Liqada olmasını istərdim.
- Ötən il divizionda çempion olan MOİK, ləğv olunan bu mövsümdə 10-cu idi. Komandanın birdən-birə bu qədər geriləməsinə səbəb nə idi?
- Səbəb o idi ki, klubun büdcəsi azalmışdı. Çempion heyətdən 5-6 futbolçunu komandada saxlaya bilmədik. Mövsümün əvvəlində üç aparıcı futbolçumuz zədələndi. Hardasa bəxtimiz gətirmədi, hardasa da öz səhvlərimiz oldu.
- Yeni mövsümdə iddianız nə olacaq bəs?
- İddiamız hər zaman daha yüksəklərdə olmaqdır. Çalışmışıq ki, imkan olduğu qədər yaxşı çıxış edək.
- Ramin bəy, bir müddət əvvəl MOİK-in üç futbolçusunun adı danışılmış oyunlarda hallandı. Onların aqibətləri necə oldu?
- Açığı, çox gözlənilməz xəbər oldu. AFFA onların bütün turnirlərdə iştirakına qadağa qoydu. Biz də onların müqavilələrini ləğv etdik. İndi hərəsi öz işiylə məşğuldur.
- Təkcə sizin deyil, digər divizion klublarının üzvlərinin də adları danışılmış oyunlarda hallanırdı.
- Çox heyif ki, belə şeylər oldu. Azərbaycan futboluna çox pis ləkə gəldi.
- Bəzən belə bir fikir də söylənilir ki, “birinci divizion əməlli-başlı “bazar”a çevrilib”.
- Bilirsiz, futbolda alınan nəticələr çox vaxt maraqlı olur. Ancaq nəyisə iddia edirsənsə, əlində faktın – sübutun olmalıdır. Çox heyif ki, belə çirkin söhbətlər Azərbaycan futboluna bulaşıb. Həqiqətən, bu, bizim üçün böyük bir ləkədir. Biz belə işlərdən uzaq olsaq da, bizim komandamızın üzvünün bu söhbətlərdə olması bizə də çox pis təsir edir.
- Bəs siz futbolçu olarkən də belə söhbətlər var idi?
- Mən futbolçu olanda belə şeylər yox idi. Deyirdilər kimsə oyun satıb, kimsə oyun alıb. Amma nə dəlil var idi, nə də bir şey. Həmin vaxtlarda heç kimi futboldan kənarlaşdırmamışdılar. Ancaq hazırkı vəziyyət çox pisdir. Bu çirkin işlərdə futbolçuların, məşqçilərin, klub administratorlarının da adları hallanır. Bu, Azərbaycan futboluna Avropanın gözündə böyük zərbədir.
- Futbolçu vaxtlarınız daha çox “Simurq”dakı çıxışınızla yadda qalıb. O günləri necə xatırlayırsız?
- Ən çox Zaqatala şəhəri və “Simurq” yadımdadır. Gözəl kollektiv idi. Hər zaman demişəm ki, belə bir komandanın üzvü olduğum üçün çox sevinirəm.
- Ancaq indi sevimli komandanız yoxdur. “Simurq”un yoxluğu necə təsir edir?
- Əlbəttə, çox pis hisslərdir, ancaq həyatdır. Futboldur, sponsor gedirsə, klub da müflis olur. Çox heyif ki, tək “Simurq” deyil, “Karvan”, “Bakı”, “Xəzər Lənkəran” kimi klublar da artıq yoxdur. Lənkəranda oynayanda adam futbol mühitini hiss edirdi. Stadionda yer olmurdu dayanmağa, eynilə Zaqatalada, Yevlaxda da. İndi ancaq “Qarabağ” avrokubok oyunlarında stadionu doldura bilir.
- Futbolçu vaxtlarınızdan xüsusilə yadınızda qalan nəsə var?
- Anama həyət evi almışdım. Onun arzusunu yerinə yetirdiyim üçün çox xoşbəxtəm. Biz 3 otaqlı mənzildə yaşayırdıq. Anam da hər zaman həyət evi istəyirdi. İstəyirdi ki, özünün də balaca həyəti olsun. Allahın köməkliyi ilə pul qazandım və anamın arzusunu reallaşdırdım.
- Bəs yaşıl meydanlardakı xatirələrinizdən ən yadda qalanı hansıdır?
- “Simurq”un heyətində olarkən “Bakı” ilə Zaqatalada olan oyun. Turun son oyunu idi. Hər iki komandanın 23 xalı var idi və qələbə qazanan liderliyə yüksələcəkdi. Oyun axşam saat 8-də idi. Səhər baş məşqçimiz Roman Pokora məşq etdirmişdi. Həmin məşq zamanı onunla güclü mübahisəm düşdü. Bu mübahisədən sonra məni heç ehtiyat oyunçular skamyasında da saxlamaq istəmirdi.
- Mübahisəniz nə üçün yaranmışdı?
- Oyuna az qalmış klubun prezidenti Zaur Məmmədov məni çağırdı və məsələni soruşdu. Dedim ki, oyun günü fiziki məşq etmək istəmirəm. O da qayıdıb, mənə dedi ki, Pokora sənin oyuna hazır olmadığını deyir. Buna bir az əsəbiləşdim və dedim ki, “Zaur müəllim, lazım olsa, “Bakı”ya qarşı oyunu bir ayaqla da oynayaram”. Bundan bir saat sonra məni Pokora çağırdı və dedi get oyuna hazırlaş. Oyun zamanı heyətdəydim. İlk 10 dəqiqəm yaxşı alınmadı. Sonra qol vurduq və 1:0 hesabıyla irəli keçdik. Mixail Starostyak yanıma gəlib dedi ki: “Bico”, hər şey yaxşıdır, belə oynamağa davam elə və heç nəyi fikirləşmə”. Həmin oyunda azarkeşlərin də güclü dəstəyi var idi. Sağ olsun İnqilab Soltanov və onun dəstəsi. Onların bu sözləri hələ də qulağımdadır: “Bico”, sən qardaşsan, yaxşı oyna. Hər şey bizim xeyrimizə olacaq”. 45-ci dəqiqədə “Bakı” cərimə zərbəsini yerinə yetirirdi. Topu öz meydanımızdan çıxartdıq. Top Cəmşid Məhərrəmovun yanına gedirdi. Ondan topu oğurladım və sürətlə irəli apardım. Sonra topu ötürdüm və komanda yoldaşım hesabı artırdı. Fasiləyə 2:0 hesabıyla üstün yollanmışdıq.
- Oyundan sonra Pokoroyla danışdınmı?
- Fasilədə Pokora gəldi və dedi: “Ramin, bax buna görə səni mən belə işlədirdim. Bilirdim ki, bunun sənə faydası olacaq. Gördün? Qol və artıq hesab 2:0-dır. Qoy, indi “Bakı” gəlsin iki qol vursun və burdan xal aparsın”. Mənim Pokora ilə münasibətlərim hər zaman yaxşı olub. O, bilirdi ki, mən meydana çıxanda hər zaman canımı ortaya qoyuram. Mənim bəzilərinə deməyə sözlərim çox olub. Pokora da bunu yaxşı bilirdi.
- Bəziləri dedikdə kimləri nəzərdə tutursuz?
- Var idi də. Bir-iki məşqçi var idi ki, mənə deyirdilər ki, bu hərəkətlərlə çox getməyəcəksən.
- Bəs onlara cavabınız nə olmuşdu?
- Mən cavabımı öz oyunumla verirdim.
- Sizə futbolçu olarkən “Bico” deyirdilər. Bu ləqəbin yaranması nəylə bağlıdır?
- Heç nə ilə. Mənim əslim Gürcüstandandır, ona görə mənə “Bico” deyirdilər.
- Futbolçu karyeranızda ölkə xaricində də çıxış etmisiz. Legioner həyatınız necə alınıb?
- “Zimbru”da çıxış etmişəm. Legioner həyatım yaxşı keçib desəm, düz çıxmaz. Çünki ciddi zədələrim olub. Çox oynamaq şansım olmayıb. Bir dəfə məşqçiylə mübahisəm düşdü.
- Mübahisəyə səbəb nə idi?
- Səbəb çox gülməli idi. Bir dəfə məşqçi naharda mənə “sok” verdi, dedi ki, gedib evdə içərsən. Səs tonu pis idi. Mən də ona dedim: “Mən müsəlmanam, “çiqan” deyiləm. İstəsəm, özümə “sok” alaram. Sən bunu ver moldovalı və rumıniyalılara. “Çiqan” olmaq sizlikdir, biz belə insanlar deyilik”. Bilirsiz, biz qonaqpərvərik. Legionerlər Azərbaycanda yaxşı yaşayırlar. Ancaq bəzi yerlərdə vəziyyət fərqlidir. Gərək oynayasan ki, sənə nəsə deməsinlər. Sonra “Simurq”dan təklif gəldi və qayıtdım.
- Yenidən Azərbaycana qayıtmağınızın səbəbi nə oldu?
- Birinci diviziondan komandanı yüksək liqaya çıxarmalı idik. Elman Sultanov və Azər Bağırov kimi dostlarım da orda idilər. Mən də təklifi qəbul etdim. Pul cəhətdən də pis deyildi. Maaş da yaxşı idi, “premya”lar da olacaqdı.
- Azərbaycanda bir dəfə də “Xəzər Lənkəran” klubunda baxışda olsaz da, bu komandada çıxış etməmisiz. Buna əngəl olan nə idi?
- “Xəzər Lənkəran”da baxışa gedəndə 30 yaşım var idi. Həmin dövrdə mənimlə yanaşı, Branimir Subaşiç də var idi. Onların seçimi Subaşiçdən yana oldu. Sağ olsun Lənkəran camaatı, məni çox yaxşı qarşılamışdılar.
- Ancaq indi nə “Simurq” qalıb, nə də “Xəzər Lənkəran”…
- Heyif, çox heyif.
- Yenidən futbolçu olsaz, nələri edib, nələri etməzdiz?
- “Simurq”dan “İnter”ə keçməzdim. Gərək, qalardım elə “Simurq”da.
- Bu peşmançılığa səbəb nə olub?
- Bunu demək istəmirəm.
- Gizli bir şeydir?
- Xeyr, sadəcə danışmaq istəmirəm bu haqda.
- Azərbaycan Premyer Liqasını izləyirsiz?
- Vaxt olanda baxıram. Düşünürəm ki, “Qarabağ” çempion olacaq. İnanmıram ki, onlar çempionluğu kiməsə versinlər. Füzuli Məmmədov (“Neftçi”nin baş məşqçisi) çox yaxın dostumdu, onun uğurlarına çox sevinirəm. Lakin bu mövsüm “Qarabağ”ı keçəcəyinə inanmıram.
- U-21 milli komandasında çıxış etmisiz. Ancaq əsas yığmaya dəvət almamısız. Qarşınızdakı maneə nə idi?
- Hər məşqçinin öz oyun planı və ona uyğun futbolçu seçimi olur. Yəqin, heç bir məşqçinin taktikasına uyğun gəlmədim.
- Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsini bir xalla başa vurdu. Bunun səbəbini nədə görürsüz?
- Nə deyə bilərəm? Əlbəttə, çox pis nəticədir. Çempionatımızın səviyyəsi milli komandada da öz sözünü deyir. Çempionatda komanda sayı azdır, rəqabət yoxdur. Yerli futbolçular çox oynamalıdır. Bizim çempionatda “Qarabağ” var və başqaları var. Heç kimin xətrinə dəymək istəmirəm, ancaq fakt budur, rəqabət yoxdur. “Sumqayıt” kimi 3-4 komanda olmalıdır. “Sumqayıt”ın oyunlarına baxırsan, futbolçularının çoxu yerli və gəncdirlər.
- Buna baxmayaraq, Azərbaycan milli komandasının əsas heyətində “Sumqayıt”dan heç kim yoxdur.
- Çox təəssüf ki, düz deyirsiz. Ancaq bu komandada 2-3 nəfər var ki, heç də pis oynamırlar. Artıq iş məşqçinin üzərinə qalıb. Əvvəl qapıçı Kamran Ağayev idi, ondan sonra da Səlahət Ağayev gəldi. Heç kim Emil Balayevi orda görmürdü. Amma Emil əlinə şans düşən kimi istifadə etdi. Emil kimi başqa futbolçulara da şans vermək lazımdır.
- Azərbaycan futbolunun güclənməsi və yığmanın uğur qazanması üçün nə lazımdır?
- Uşaq futbolundan başlamaq lazımdır. Perspektivli uşaqları müxtəlif akademiyalara göndərmək lazımdır. Bizdə hazırda ən yaxşı “Qəbələ”nin akademiyasıdır. Ancaq deyirlər ki, o da bağlanır.
- “Qəbələ”nin akademiyası bağlanır?
- Elə deyirlər. Təki, səhv məlumat olsun. Tovuzda, Gəncədə olan məktəblər hər zaman futbolumuza xeyir verib. Onlar yenidən güclənməlidir. İndiki uşaqlar yetişir, gəlir diviziona, sonra da batır.
- Birinci divizion futbolçuların təcrübə yığması üçün uyğun yer deyil?
- Birinci divizonda güclü təcrübə yığmaq olmur. Həqiqətən futbolçu olmaq istəyən, heç nəyə məhəl qoymayan uşaqlar Premyer Liqa klublarına getməyi bacarır. Ancaq onların da sayı azdır – 3, ya da 4. Premyer Liqada komandanın sayı çox olsaydı, bu, yerli futbolçuların xeyrinə olardı.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin