Dadaşovun vurduğu qol “Şalke”yə bəs etmədi
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 28-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ştralen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da azərbaycanlı futbolçu vurub. Dadaşov 90+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
“Şalke 2” bu nəticədən sonra 31 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin