Dərs… və ya heç kimə borclu qalmayan Qurbanov

Vüqar Məmmədov

“Qarabağ” bu mövsüm APOEL-lə üçüncü dəfə qarşılaşacaq. Əvvəlki iki oyunun da bu mövsümə təsadüf etdiyini əsas götürərək, deyə bilərik ki, komandaların gücündə elə bir ciddi dəyişiklik yoxdur. Bunu nəzərə alaraq, əvvəlki iki oyunu nəzərdən keçirməklə, hər iki komandanın imkanlarını qiymətləndirmək mümkündür.

Azərbaycan çempionu  Çempionlar Liqasına təsadüf edən bu oyunların nəticəsinə görə turu keçə bilməsə də, düşünürəm ki, “Qarabağ” bu görüşlərdə APOEL-dən güclü idi. Hər iki oyunda Ağdam komandası rəqibindən yaxşı oynadı. Sadəcə, ikinci oyunda qol vura bilmədi. APOEL-in cavab oyununda iki şansı oldu və bunlardan maksimum istifadə etdi. Əslində, bunlara heç şans da demək olmazdı. Gəlin xatırlayaq: birinci qolda heç nədən, qapıdan xeyli aralı, təhlükə olmayan şəraitdə penalti, digərində isə uzaqdan vurulan zərbədən sonra sıçrayışdan (“rikoşet”dən) keçən qol. Mən vurduğu qollardan başqa, APOEL-in hansısa təhlükəli epizodunu xatırlamıram. Amma “Qarabağ”ın qol epizodlarını xatırlayıram. Hansı ki, onlardan biri qol olsaydı, böyük ehtimalla, Çempionlar Liqasında “Ayaks”la bizim komanda oynayacaqdı. Hansılardır? Mahir Emrelinin birinci hissədə Abdullah Zubirə verdiyi əla ötürmədən sonra Mərakeş əsilli fransızın topu qapıçının üstünə vurması, ikinci hissədə Riçard Almeydanın dirəyə dəyən zərbəsi, Ailtonun, Simeon Slavçevin yaxın məsafədən tora düşə bilməməsi.

Zənnimcə, ağdamlılar bir tur sonra “Linfild”lə Bakıdakı cavab görüşünün ikinci hissəsində necə oynamışdısa, APOEL-lə oyunun ikinci hissəsini də elə oynamalıydı. Yəni kiprlilərlə oyunun gedişində 0:1 hesabıyla uduzsa belə, bu hesab “Qarabağ”a sərf edirdi. Ona görə də, hücuma keçməməli, tempi aşağı salmalı və oyunu bir qədər arxadan qurmalı idi ki, hücuma keçəndə rəqibi azlıqda tuta bilsin və çoxluqla müdafiə olunsun. Amma məlum olduğu kimi, həmin oyunda “Qarabağ” qol buraxandan sonra panikaya düşdü və rəqibinin üstünə getdi ki, nə yolla olursa olsun, qol vurub rahatlansın. Azarkeşlər qarşısında uduzmaq istəməməsinə, yoxsa hesabın təhlükəli olmasına görəmi, “köhlən atlar” xüsusilə, ikinci hissənin əvvəlində irəli atıldı və nəticədə qapısından daha bir top – pley-offun yolunu bağlayan qolu buraxdı.

Amma hər məğlubiyyət həm də dərsdir. “Qarabağ”ın bu oyundan dərs çıxardığı sonrakı qarşılaşmada görünürdü. Komanda növbəti görüşdə, “Linfild”ə qarşı evdə artıq başqa cür oynadı. Lazım olan qolu vurdu, bundan sonra hesabın “sürüşkən” olmasına baxmayaraq (şimali irlandiyalıların bir qolu “Qarabağ”ı növbəti turdan edə bilərdi), rahatlama qolunu vurmaq üçün dərhal, kor-koranə irəli atılmadı. Səbrlə, öz cərimə meydanı ilə mərkəz xəttin arasında “qala” qurub, rəqibin səhvini gözlədi və oyunun sonunda da bundan istifadə etdi, yəni rahatlayıcı qolu vurdu. Məhz APOEL-lə də belə oynamaq lazım idi. Ancaq görünür, yeni nəsə öyrənmək, təcrübə qazanmaq üçün məğlubiyyət yaşamalısan.

İndi “Qarabağ” yenidən APOEL-lə qarşılaşır. Düşünürəm ki, Kipr komandasının bizim “köhlən atlar”ın qarşısında şansı yoxdur. Bunu deməyə bir neçə əsasım var:

Birincisi, qeyd etdiyim kimi, “Qarabağ” APOEL-dən az da olsa, güclüdür. Demək olmaz ki, elə ciddi fərqlə güclüdür, amma güclüdür. Məsələn, ümumi gücü 100 götürsək, 80-nin 20-yə yox, hardasa, 55-in 45-ə, yaxud 53-ün 47-yədir, yəni cüzi də olsa, üstündür. Bunu əvvəlki iki oyuna əsasən deyirik.

İkincisi, komandamız əvvəlki məğlubiyyətdən dərs çıxarıb və yəqin ki, rəqibinə qarşı necə oynayacağını yaxşı bilir.

Üçüncüsü, Qurban Qurbanov xaraktercə elə insandır ki, heç kimə borclu qalmır, hamının etdiyinin əvəzini verir. İndi də APOEL-in əvəzini vermək vaxtıdır və yəqin ki, “Qarabağ”ın baş məşqçisi rəqibə borclu qalmayacaq.

Ümid edirəm ki, “Qarabağ” bizi yanıltmaz və proqnozumuz düz çıxar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button