Dəli
FutbolİSTƏR
Nurlan İbrahimovun “ürəklər”i
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova zəng gəlir:
- Allloo, buyurun, eşidirəm.
- Salam, Nurlan müəllim, sizi “dablyudablyudablyuazərbaycandafutboluninkişafınöqtəkom” saytından narahat edirəm.
- Aha, buyurun.
- Nurlan məllim, biz istəyirik ki, sizinlə əməkdaşlıq edək.
- Ürəyim, nə istəyirsən edək e, amma bir sualım var, uca affınıza sığınaraq.
- Hara sığınaraq?
- Hmm, boş ver. Ürəyim, sən hardan işləyirsən?
- Dedim də, “dablyudablyudablyuazərbaycandafutboluninkişafınöqtəkom” saytında.
- Onu bildim e, deyirəm hardan işləyirsən?
- Dedim də…
- Yox e, deyirəm iş məkanın, iş yerin hardadır?
- Həəə, bildim. Evdə!
- Anladım. Uca affınıza sığınaraq, bildirim ki, biz sizə “combək” edəcəyik.
- Nə edəcəksiz?
- Deyirəm, biz sizinlə əlaqə saxlayacağıq.
3 gün sonra.
Nurlan İbrahimova zəng gəlir:
- Allloo, buyurun.
- Nurlan məllim, “dablyudablyudablyuazərbaycandafutboluninkişafınöqtəkom” saytından…
- Aha, bildim. Ürəyim, mən rəhbərliklə danışdım.
- Aha, bəli!
- Klub rəhbərliyi qərar verdi ki, sizin evinizin qaz, su, işıq pulunu biz ödəyək. Saytınızın fəaliyyət göstərməsi üçün belə bir qatqıda bulunmaq qərarına gəldik.
- Hmmm… Olar mən sizə iki saatdan sonra qərarımı deyim?
- Olar, ürəyim, əlbəttə, olar.
______________________________________________________________________________
Qapaz
Azərbaycanlı, gürcü və rusiyalı məşqçi qatarda yol gedirlər.
Rusiyalı məşqçi deyir:
- Biz komandaya futbolçu götürəndə əvvəlcə onun fiziki göstəricilərinə diqqət edirik.
Gürcü məşqçi deyir:
- Biz komandaya məşqçi götürəndə birinci onun texnikasına fikir veririk.
Azərbaycanlı məşqçi deyir:
- Biz komandaya oyunçu götürəndə onun boyunun balaca olmasına baxırıq, bu, çox vacibdir.
Rusla gürcü heyrətlə bir ağızdan soruşur:
- Niyəəə?
Azərbaycanlı məşqçi:
- Klubumuzun prezidentinin boyu balacadır, ucaboy futbolçu almırıq ki, hirslənəndə rahat qapaz vura bilsin.
______________________________________________________________________________
10 il sonra Azərbaycan futbolu
AFFA: Milli komandanın baş məşqçi postuna namizədlərlə danışıqlar davam edir.
Azarkeşlər: İstəsən, lap Joze Mourinyonu da gətir, bizdə futbol düzələn deyil.
İdman mətbuatı: Ramin Musayev yaxşı oğlandır! – Yox, nə danışırsan, Elxan Məmmədov daha yaxşı oğlandır!
“Xəzər Lənkəran” azarkeşləri: Başınıza dəysin futbolunuz, “Xəzər Lənkəran” olmayan yerdə futbol olmaz.
______________________________________________________________________________
Misir Əbilovun məşqçisi
(deyirlər, olmuş əhvalatdır)
Jurnalist “Bakılı” klubunun prezidenti Misir Əbilovdan yeni baş məşqçiylə müqavilə bağlayıb-bağlamadıqlarını soruşur:
- Misir müəllim, yeni baş məşqçiylə razılığa gəldiz?
- Yox, hələ baxışdan keçiririk.
Dəli
AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla sevincək federasiyanın baş katibi Elxan Məmmədovun otağına girir:
- Muştuluğumu verin, milli komanda üçün baş məşqçi tapıldı!
Elxan Məmmədov həyəcanla yerindən qalxır:
- Kim? Kimdir?
Firuz Abdulla üzündə sevinc ifadəsiylə:
- Tyerri Anri! Dünən axşam bir məktub göndərib bizə. Yazıb ki, sizin milli komandada işləmək istəyirəm. Hətta yazıb ki, milli komandanı AÇ-2020-nin final mərhələsinə çıxaracağına söz də verir.
Məmmədov məyus halda oturur:
- Həə, onu deyirsən… Xəbərim var. Fransadakı dəlixanalardan birindən məktub gəlib mənə. Yazıb üzr istəyiblər ki, dəlilərdən biri hardansa telefon tapıb, girib internetdən ağlına gələni yazıb təşkilatlara, şirkətlərə.
Baş katib Firuz Abdullanın kefinin pozulduğunu görüb, ona təsəlli vermək istəyir:
- Biz hələ yaxşıyıq e, bu dəli İraqın prezidentinə məktub yazıb ki, mən Səddam Hüseynəm, ölməmişəm, tez postumu tərk elə, yoxsa gəlib səni təpiyin altına salacam.
Hazırladı: Kürşad
Bizi Facebook-da izləyin