Dəfələrlə… Ardıcıl… Səhvlər… İntizamsızlıq… Və Təmkin Xəlilzadə

Azərbaycan futbolunun yetərincə problemi var. Özü də kifayət qədər böyük və ciddi. Azərbaycan futbolunun bir problemi də var ki, böyük olmasa da, problemdir. Həm də, zaman-zaman özünü göstərən problem. Bu problemin adı Təmkin Xəlilzadədir. Azərbaycan milli komandasının və “Zirə”nin futbolçusu Təmkin.

Təmkin Xəlilzadə Azərbaycan çapında istedadli futbolçudur. Öz üzərində işləsəydi, intizamlı futbolçu olsaydı, daha da irəli gedə, adından həmişə yaxşı mənada söz etdirə bilərdi. Amma Xəlilzadə həmişə əksini etməyi seçib. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov kimi futbolçunun dilindən anlayan, şans verən birini də özündən çıxarıbsa, Təmkin üçün artıq erkən sonun çatdığını demək olar… Təbii ki, özü də bunu arzulayırsa. Gəlin, əvvəlcə Sadıqovun Xəlilzadə haqqında dediklərini xatırlayaq:

“Təmkin Xəlilzadə və İlkin Muradov ardıcıl səhvlər edirsə, əməkdaşlıq dayandırılacaq. Onların yaxın müddətdə komandaya qaytarılması gözlənilmir. Ola bilsin ki, gələcəkdə onlarla hansısa əməkdaşlığım olsun. Ancaq indiki durumda onların “Zirə”yə qayıtması mümkün deyil. Ardıcıl eyni səhvləri edən futbolçularla davam etmək mümkün deyil. Ümumiyyətlə, futbolda üçüncü yeri qənaətbəxş sayan, zəif nəticədən sonra heç nə olmamış kimi evində istirahət edən futbolçu iddialı ola bilməz”.

Sadıqovun dedikləri arasında bir cümlə xüsusən diqqət çəkir: “Ardıcıl eyni səhvləri edən”. Görün, Təmkin “Zirə”də nə qədər intizamsızlığa, geyindiyi formaya, çörəyini yediyi kluba qarşı qeyri-peşəkar davranışa yol verib ki, baş məşqçi bu açıqlamanı verib.

Bəli, Təmkin Xəlilzadə təəssüf ki, belə futbolçudur. Karyerası ərzində eyni səhvləri təkrar-təkrar edib. Özü öz əlləri ilə karyerasına zərbə vurub. Özü barədə “intizamsız”, “qeyri-ciddi”, “qeyri-peşəkar” futbolçu imici formalaşdırıb.

Təmkinin yolu indi əksər yerli oyunçuların can atdığı “Qarabağ”a da düşüb vaxtı ilə. Amma xarakterindəki problemlər, intizamsızlığı, futbola həvəskar yanaşması onun Ağdam klubundakı karyerasının qısa və uğursuz alınmasına səbəb olmuşdu.

Xəlilzadənin “Sabah”dakı “macəralar”ı yadınızdadır? 2019-cu ilin 18 aprelində “Sabah” klubu Təmkinlə bağlı belə bir bəyanat yaymışdı:

Sabah” FK-nın oyunçusu Təmkin Xəlilzadə dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün mövsümün sonuna qədər komandadan uzaqlaşdırılıb. Xəlilzadə milli komandanın da üzvü olduğu üçün verilmiş qərar barədə işgüzar qaydada AFFA da məlumatlandırılıb”.

Bəli… Dəfələrlə… Ardıcıl… Səhvlər… İntizamsızlıq… Və Təmkin Xəlilzadə.

Xəlilzadə elə futbolçulardandır ki, istedadını dərhal göstərə bildiyi kimi intizamsızlığını da dərhal ortaya qoya bilir. Buna görə də, karyerasının bəlkə də, pik nöqtəsini yaşamalı olduğü dövrdə – 29 yaşında formasını geyindiyi klubda əsas komandadan qovulur. Təmkin həm də, elə yaş dövründədir ki, səhvlərindən nəticə çıxarmağı bacarmalıdır. Amma nə yazıq ki, bu istedadlı futbolçu futbola, formasını geyindiyi kluba hörmət etmədiyi kimi istedadına da hörmət etmir. Bu adam o qədər səhvlər edib, adı o qədər xoşagəlməz şeylərdə hallanıb ki, Rəşad Sadıqova üz tutub “bəlkə, bağışlayasız” deməyə də adamın dili və üzü gəlmir. Həm də, yəqin ki, Rəşad Sadıqov və ikinci dəfə geri döndüyü “Zirə” Xəlilzadə üçün son ümid yeri, son şans idi. Bundan sonra getdiyi hər yerdə intizamsızlığı ilə iz buraxan birinə hansı klub sahib çıxmaq istər?

Bilmirəm, Təmkin Xəlilzadayə bundan sonra kimsə, hansısa klub yenə bir şans verəcək, ya yox. Amma tale üzünə gülsə, o şansı qazansa, futbolçu həyatının, karyerasının son şansı kimi istifadə etməlidir Təmkin. Hətta bəlkə, elə indi, gedib Rəşad Sadıqovdan üzr istəyib, son dəfə ona sonuncu şansı verməsini xahiş etməlidir bu istedadlı, istedadlı olduğu qədər də intizamsız olan futbolçu. Yoxsa sonra… Təmkin Xəlilzadə üçün “sonra” deyə bir şey olmayacaq.

Uğur

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button