Çoxdan getməliydin, Şah!
Vüsal “Aydın” Qəmbərov
Bəli, Azərbaycan futbolunu “Qarabağ”ın avrokubok oyunları olanda yada salanların arzusu çin oldu. Azərbaycan futbolunun dağıstanlı çılğın oğlanı – Şahruddin Məhəmmədəliyev “Qarabağ”ı tərk etmək qərarına gəldi. Ölkəmizə “Sumqayıt”la ayaq basan, ordakı oyunuyla sürətli şəkildə “Qarabağ”ın diqqətini çəkib, İbrahim Şehiçin əvəzedicisi kimi komandaya cəlb edilən qapıçı legioner limitinin də yardımı ilə çempionat oyunlarında özünə tez-tez yer tapa bildi və qısa müddətdə möhkəm əvəzedici kimi özünü təsdiqlədi. Hətta bəzən kritik əhəmiyyəti olmayan Avropa oyunlarında belə, meydana çıxdı.
Şehiçin gedişindən sonra “Qarabağ”ın qapı xəttinin təlatümlü günləri başladı və nə Vaqner, nə Haldorsson, nə də Asmir Beqoviç özünü orada möhkəmləndirə bildi. Bütün bu müddət ərzində ehtiyat qüvvə kimi qıraqda qalan Şah isə səbrlə çalışdı və işlər elə gətirdi ki, birdən-birə özünü “1 nömrə” mövqeyində tapdı.
Təkcə Azərbaycan futbolunun psevdo azarkeşləri yox, hətta milli futbolu yaxından izləyənlər üçün belə, bu hadisələr bir az sürpriz oldu. Amma zəhmətkeş, fədəkar, cəsarətli və xarizmatik Şah buna hazır imiş ki, yerini yaxşı möhkəmlədə bildi. Şehiçin “Kopenhagen”lə oyunda buraxdığı kobud səhv, Haldorssonun “Sportinq”dən Bakıda buraxdığı 6 qol xatirələrdən silinməmişdi ki, Şah 2022-ci ildə özünə bənzəməməyə başladı…
“Omoniya”, “Viktoriya” (Plzen), ardınca da bu il “Rakov” və HJK…
Burada bir ara verək və “Qarabağ”ın oyun tərzinin analizinə müraciət edək.
“Qarabağ” oyunu dərindən quran komandadır və qapıçı oyunun qurulmasında aktiv rol alır. Məsələn, Luka Quqeşaşvilinin çox ağır olması, ayağıyla yaxşı oyun qura bilməməsi, ona ötürmələr zamanı topu özünə hazırlayıb effektiv ötürmə etməsi az qala mümkün olmadığı üçün “Qarabağ” “Olimpiya” ilə oyunlarda meydanın az qala 30-40 metrini bu anlamda istifadə edə bilmədi. Bu, müdafiəçilərin topla oynama müddətini və dolayısıyla onların üzərində təzyiqi artırır.
Şah isə ayağıyla oyuna o qədər etibar edir ki, hətta “Molde” ilə penalti seriyasında ən kritik beşinci zərbəni endirmişdi və qola çevirmişdi.
Şehiç də, Vaqner də bu mənada uyğun qapıçılar idi, komandanın hücum qurmasında aktiv iştirak edirdilər, amma Şah bu mənada onlardan belə, effektiv idi.
Bu mənada, bir məqamı bilmək vacibdir. İntensiv qısa ötürmələrlə hücum quran komandalarda bu ötürmələr rahat şəraitdə verilməməlidir. Yəni rəqibin təzyiqini gözləməlisən. Yoxsa topa sahib olan oyunçu onu təzyiq olmadan ayağından çıxarırsa, bu o deməkdir ki, topu qəbul etməli olan komanda yoldaşı təzyiq altında olacaq. Hətta bir dəfə Kevin de Bruyne səhv etmirəmsə, Akanjiyə topu ayağından təzyiq olmadan çıxardığı üçün çox əsəbiləşmiş və növbəti gedişdə Akanji rəqibin ona doğru gəlməsini gözləmişdi.
Bəs 2022-ci ildə nə baş verdi? Niyə o ana qədər normal performans göstərən Məhəmmədəliyev birdən-birə kritik səhvlər buraxmağa başladı? Təbii ki, bu sualın cavabını bilirsə, Şah özü, Elxan Həsənov və Qurban Qurbanov bilir. Bəlkə, heç onlara da tam aydın deyil. Amma dəyişikliyin lazımlı olduğunu görmək olurdu. Quqeşaşvili belə, sonradan gördük ki, heç əsas qapıçı mövqeyində rəqabət üçün yox, bəlkə də, elə məqsədyönlü şəkildə əvəzedici kimi transfer olunmuşdu.
Görünən odur ki, Şah bu məsuliyyətin təzyiqi ilə səhvlər etməyə başladı. Buna futbolu dərindən dərk etməyən azarkeş və savadsız jurnalistlər də əlavə olununca, proses ancaq mənfi istiqamətdə getdi. Şahın əslində ötən yay dəyişikliyə ehtiyacı var idi. Amma belə görürəm ki, “Qarabağ” bir az çarəsizlikdən, bir az da bu problemin çözüləcəyinə inamdan Şahı saxlamağa qərar verdi. Başqa faktorlar da var, alternativ olaraq müzakirə edilən. Nəticədə, komanda daxilində hörmətə sahib olan və oyuna ürəyini verən birini itirmək istəməzsən. Həm də, yaxşı bir insanı…
Amma bir ildə baş verənlər Şahın bütün “seyvlər”ini, fədakarlığını, qoyduğu ürəyi unutdurdu. Təbii ki, unudanlar bəlkə də, daha çox günahkardır. Lakin kütləni qınamaq mənasız bir işdir.
“Adana Dəmirspor” isə mənim üçün təəccüblü bir variant oldu. Komandanın onsuz da əsas heyət üçün yarışan iki qapıçısı var. Ertaç Özbir komandada çox bəyənilir, Karaçiç isə ləng olsa da, gərgin oyunlarda özünü pis göstərmir. Sadəcə Ertaç bir az zədəyə meyllidir.
İstənilən halda, Şahın Adanada sakitcə qıraqda dayanmayacağını əminliklə demək olar. Mütləq forma üçün savaşacaq və əsas qapıçı kim olur-olsun, öz yerindən əmin ola bilməyəcək.
Bu gün Şahın gedişinə şampan partladılması, bayram edilməsi və “Adana Dəmirspor”un sosial media hesablarındakı ələ salıcı şərhlərə gəlincə, təbii ki, bunun nə qədər düşüncəsiz və keyfiyyətsiz bir hal olduğunu deməyə belə, gərək yoxdur. De Xeanın “Mançester Yunayted”dəki karyerasını da elə belə insanlar bitirdi. Kütlənin beyni yoxdur və tarix boyu da olmayıb. Heyf ki, belə şeylərin qarşısını almağın bir effektiv yolu da yoxdur.
Şahın yeni klubunda etməli olduğu şeyi edib, forma üçün mübarizə aparacağına və qalib gələcəyinə, oradakı uğurlu çıxışı ilə də yenidən yığmamızın “1 nömrə”si olacağına şübhəm yoxdur. Azərbaycan futboluna “Qarabağ”ın avrokubok dastanından öncə də azarkeşlik edənlər məsələnin fərqindədir…
Bizi Facebook-da izləyin