“Çox şadam ki, yenidən doğma kluba, evimə qayıtdım”
“Səbail”in yeni mövsüm üçün ilk transferi olan müdafiəçi Şəhriyar Rəhimov klubun rəsmi saytına müsahibə verib.
Komanda.az sizi həmin müsahibə ilə tanış edir:
- “Səbail”də 2018-2020-ci illər ərzində 50 oyun keçirib, 2 qol vurmusunuz. Bu iki mövsüm yadınızda necə qalıb?
- “Səbail” karyeram mənim üçün çox yaddanqalan olub. Karyeramda xüsusi yeri olan klubdur. Çünki 2018/19 mövsümündə Premyer Liqada üçüncü yeri tutaraq bürünc medalın sahibi olduq və Avropa Liqasına vəsiqə qazandıq. Həmçinin, bu klubda çıxış etdiyim müddətdə daima milliyə dəvət alırdım. “Səbail” karyeramın ən uğurlu komandalarından biridir.
- “Səbail”də keçirdiyiniz ən yaddaqalan oyun hansı olub?
- Yaddaqalan oyunlarımız çox olub. “Neftçi”ni (24.02.2019 “Neftçi” – “Səbail” 1:2), “ASCO Arena”da “Qəbələ”ni (16.02.2020 “Səbail” – “Qəbələ” 3:1) məğlub etdiyimiz oyunlar və əlbəttə ki, Avropa Liqasında keçirdiyimiz matçlar mənim üçün yaddaqalan olub.
- Bir illik fasilədən sonra yenidən meydanda “dənizçilər”in forması ilə çıxış edəcəksiniz. Bu barədə nə düşünürsünüz?
- Futbolda elə olur ki, bir klubdan ayrılırsan, sonra yenə həmin kluba qayıdırsan. Məndə də həmin hal baş verdi. Buradakı hər kəslə çox xoş münasibətlərim var. Çox şadam ki, yenidən doğma kluba, evimə qayıtdım.
- 14 ildir peşəkar futbol oynayırsınız. Özünüzdə hansı dəyişikllikləri hiss edirsiniz?
- Məncə, bunu kənardan söyləmək daha rahat olar. Yaş artdıqca insan daha da təcrübəli olur. Bir ildir daimi olaraq futbol oynamırdım deyə ola bilər ki, fiziki formamda çatışmazlıq olsun. Bunu da qısa vaxtda bərpa edəcəyimə əminəm.
- Yeni mövsümdə ”Səbail”in uğurları üçün çalışacaqsınız. Sizcə, bu mövsüm ötən illərdən nə ilə fərqlənəcək?
- Ötən mövsüm Premyer Liqada rəqabət gərgin idi. Hər şey son turda bəlli oldu. Xallar bir-birinə çox yaxın idi. Yeni mövsümdə “Səbail”in uğurları üçün çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, komanda yüksək pillələrdə olsun. Fikrimcə, yeni mövsümdə də rəqabət gərgin olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin