
“Çox olub ki, hakimlər heç VAR-a baxmayıblar” – MÜSAHİBƏ
“Araz Naxçıvan”ın kapitanı Vadim Abdullayev Tovuzda keçirilən “Turan Tovuz”la matçdan sonra (0:1) Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Vacib səfər görüşündə məğlub olduz. Qarşılaşma barədə fikirlərin necədir?
– Oyun çox gərgin keçdi. Qapımızda təhlükəli vəziyyət yaradılmadı. Bəxtsizlikdən, ikinci hissəni 10 nəfərlə oynadıq. Rəqibin oyun üslubunu bilirdik. Fikrimcə, bu qarşılaşmada üstünlüklərimiz çox idi. Hətta 10 nəfərlə oynasaq belə, qapımız önündə təzyiq hiss etmirdik. Onlar isə fürsəti dəyərləndirərək qol vurdular.
– İqor Ribeyronun “qırmızı” aldığı epizod barədə nə düşünürsən?
– Epizod düz gözümün qarşısında oldu. Çox yaxın idim, hətta hiss etdim ki, ora mən də çata bilərəm. Gördüyüm qədəriylə, çiyin-çiyinə mübarizə gedirdi. Sonradan epizoda təkrar baxmamışam. Amma rahat idim ki, qərar dəyişməyəcək. VAR-dan heç nə deməsələr də, baş hakim Əliyar Ağayev qətiyyətlə “qırmızı” olduğunu bildirdi. Məncə, orada “qırmızı”lıq heç nə yox idi.
– Komandanızın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra mətbuat konfransında “belə şeylərlə bizi “sındıra” bilməyəcəklər. Hakimlər varlı, kasıb klub ayrı-seçkiliyi etməməlidirlər” dedi. Futbolçu olaraq, meydanda hakimlər tərəfindən özünüzə qarşı mənfi davranışlar görürsüz?
– Elmar müəllim yəqin, baş məşqçi kimi nəyisə təhlil edərək belə qənaətə gəlib. Bəzən futbolçu kimi özümüz də hiss edirik. Müəyyən epizodlar var ki, incələyib sonra qərar vermək olar. Çox olub ki, hakimlər heç VAR-a baxmayıblar. Biz xallar itirsək belə, oyunumuz yerindədir. Həm də, komandada zədəlilər çox oldu. Mən də daxil olmaqla, bir neçə futbolçunun sıradan çıxması istər-istəməz oyunumuza mənfi təsirini göstərir. Qarşıda hələ 13 tur var. Mübarizəyə davam edəcəyik. Toparlanmaq lazımdır, hər kəs hədəfi üçün oynamalıdır. Bu matçda azlıqda oynasaq belə, rəqibə şans vermədik.
– “Turan Tovuz”la matçda cəhdləriniz çox olsa da kəsərli hücum, yəni, yüz faizlik qol imkanlarınız olmadı. Hücumda problemlərinizin olduğunu demək olarmı?
– Bəli. Əsas heyət hücumçumuz Ramon Maçado Azərbaycan kubokunda “Zirə”yə 1:0 hesabı ilə qalib gəldiyimiz ilk 1/4 final oyununda ağır zədə alıb. Hücumçunun yoxluğu təsirini müəyyən mənada göstərir. Oyunun əvvəlində boş qapıya düşə bilmədik. Halbuki elə oyunçu var ki, bu epizodları “çırtlayır”. Olan vəziyyətlə barışmalı, yolumuza davam etməliyik.
– Səncə, “Araz-Naxçıvan”ın uzun müddətdir turnir cədvəlinin ikinci pilləsində yer alması futbol ictimaiyyətində maraq doğurur, yoxsa narahatlıq yaradır?
– Mövsümün əvvəlində çox yaxşı məğlubiyyətsizlik seriyamız vardı. Oyun baxımından da yaxşıyıq. Elə komanda yoxdur ki, onlara qarşı zəif oynayaq. Heç bir oyunda rəqibə daha çox şans vermirik. Özümüz də şanslardan çox istifadə edə bilmirik. Çox oyunda 1:0 hesabı qeydə alınsa da, kifayət qədər qol imkanlarından yararlana bilmirik. Futbol belədir, bəzən bir epiozodu qola çevirib qalib gələ bilərsən, bəzən də çox şans yaradıb heç birindən istifadə edə bilməzsən. Bu da futbolun bir gözəlliyidir. İndiki durumu eniş kimi görə bilərlər. Eniş o vaxt deyə bilərik ki, komandada oyun problemi olar. Biz isə istədiyimizi meydanda edə bilirik, sadəcə, yaratdığımız təhlükəli vəziyyətlərdən yararlana bilmirik. Düşünürəm ki, növbəti oyunlarda qol imkanlarımızdan daha yaxşı istifadə edə biləcəyik.
– Hazırda turnir cədvəlində ikinci pillədə olsaz da, üçüncü sıradakı “Zirə” ilə aranızda cəmi iki xallıq fərq var. Bu, üzərinizdə hansısa basqı yaratmır?
– Mən futbolçularımızla danışanda da deyirəm ki, bütün komandalar sıfırdan xal yığmağa başlayıb və xal itirəndə digəri onu keçə bilər. Maraq ondadır ki, çempionatda rəqabət də artıb. Komandalar üçün hər oyun vacibdir. İnanıram ki, xal ehtiyatımızı daha da artıracağıq.
– Oyun bitdikdən sonra klubunuzun prezidenti Zaur Axundov Elmar Baxşıyevi kənara çəkərək öz narazılığını bildirdi. Baxşıyev də eyni situasiyanı paltardəyişmə otağında sizə yaşatdımı?
– Elmar müəllim oyunumuzdan razı qaldı. Dedi ki, toparlanmalıyıq, daha da yaxşı olacaq. Komandanın göstərdiyi əzmkarlıq və mübarizədən məmnunluğunu bildirdi. Zarafat deyil, 45 dəqiqə səfərdə azlıqda oynadıq. Matçboyu tribunalarda da izdiham var idi. Nəticəni düşündükcə adam heyifsilənir. Şanslar olduğu halda, heç birindən istifadə edib qol vura bilmədik. Lakin üzərimizdə çalışıb növbəti oyunlarda bundan maksimum yararlanmağa çalışacağıq. Daha yaxşı nəticələrin olacağına inanırıq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin