Çox da şey eləməyin
Rəşad Ergün
Azərbaycan milli komandası üçün Canni De Byazi ilk baxışdan, bəlkə, gözlərini silib, təkrar baxdıqdan sonra da pis seçim kimi görünmür. Biz onu Albaniya millisi ilə Avropa çempionatına vəsiqə qazandığına görə tanıdıq, elə həmin uğuruna görə də xeyli adam ümidlidir. Ki, bizi də ağ günə çıxara biləcək. Amma…
Albaniya millisinin xeyli sayda futbolçusu İtaliya A Seriyasında, İspaniya La Liqasında, Fransa Liqa 1-də forma geyinir. “Napoli”, “Latsio”, “Atalanta”, “Parma”, “Malaqa”da çıxış edən futbolçuları var. Bəs bizimkilər harda oynayır? Son illərdə Avropada vizit vərəqimizə çevrilən “Qarabağ”ın ən yaxşı yerli futbolçularından biri Mahir Emrelidir ki, onu da xahiş-minnətlə “Beşiktaş”a göndərmək, üzr istəyirəm, sırımaq istəyirik. İsrarla istəmirlər ha, biz israrla “xahiş edirik, götürün, bir az oynadın” deyirik. Yəni Byaziyə çox da şey, pardon, ümid eləməyin, yoldaşlar. Adam Albaniya millisini Avropa çempionatının final mərhələsinə sehrli çubuqla çıxarmamışdı, böyük klublarda forma geyinən, səviyyəsi yüksək olan futbolçularla çıxarmışdı!
Bizi Facebook-da izləyin