“İki gün ərzində menecerimə üç klubdan təklif gəldi” – MÜSAHİBƏ

Yaxın günlərdə Türkiyənin 1-ci liqa təmsilçisi “Çorum”a keçən Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

“Bandırmaspor”u “Çorum”a dəyişdin. Hər iki komanda aşağı-yuxarı eyni pillələrdə qərarlaşıb. Komandanı dəyişmənə səbəb nə oldu?

– “Çorum”a keçidim ani oldu. İki gün ərzində (Türkiyədə qış transfer pəncərəsi fevralın 11-də bağlanıb) menecerimə üç klubdan təklif gəldi. Mən, atam və agentim bir yerdə “Çorum”u seçdik. “Bandırmaspor”da da əsas heyət oyunçusu idim, sadəcə, öz mövqeyimdə oynamırdım, futboldan həzz ala bilmirdim. Klublar öz aralarında anlaşdı və keçidim alındı. “Çorum”u daha iddialı gördüm.

“Çorum”da səni ən çox cəlb edən nə oldu?

– “Çorum”da rəhbərliyin və məşqçinin məni israrla istəməsi və öz mövqeyimdə oynadacaqlarını bildirmələri, həmçinin, komandanın mənə uyğun sistemdə çıxış etməsi məni cəlb etdi.

Son dönəmlər Türkiyədə hakimlik çox mübahisələrə səbəb olur. Sən oradakı hakimlik haqda nə deyə bilərsən?

– Super Liqanı deyə bilmərəm, ancaq birinci liqada hakimlik və VAR sistemi məncə, mükəmməldir.

Ölkədən kənarda çıxış etmək bir futbolçu kimi sənə nə qazandırıb?

– Ölkədən kənarda oynamaq azərbaycanlı olaraq çox şərəflidir. Burada rəqabətə tab gətirmək çətindir, ancaq çalışıram ölkəm adına ən yaxşısını edim.

Azərbaycandan təklif olsa, qayıtmaq istərsən, yoxsa, legioner həyatına davam?

– Hələ ki, Türkiyədə karyerama davam etmək istəyirəm, buna nə qədər nail olacam, zaman göstərəcək.

Azərbaycan Premyer Liqasında növbəti mövsümdən legioner limiti tətbiq olunmayacaq. Səncə, bunun futbolumuzun və futbolçularımızın inkişafına nə kimi təsirləri ola bilər?

– Düşünürəm ki, limitin ləğv olunması azərbaycanlı futbolçulara və milli komandaya uğur gətirməyəcək. Xaricdə bizim futbolçulara tələbin az olması futbolçuların oynamasına əngəl yaradacaq.

Türkiyənin 1-ci liqasında maliyyə vəziyyəti necədir? Maaşlarınızın verilməsində problem olmur?

– Hazırda maliyyə problemləri yaşamıram. Keçmişdə də belə halla qarşılaşmamışam. Ancaq bu cür çətinliklərlə üzləşən klublar var.

Birinci liqa matçında “Yeni Malatyaspor”la keçirdiyiniz son oyunda iki qol vurdun (2:0), komandana qələbə qazandırdın. Yəqin, bundan daha uğurlu debüt gözləməzdin.

  • Mənim üçün bu oyun uğurlu alındı. Həm tez adaptasiya olmağıma, həm də özgüvənimə uğurlu oynamağımla kömək oldu. Bir gün məşq edib və sabahısı oyuna çıxıb iki qol vuraraq, gözəl hisslər keçirdim.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button