“Mənə Münhen səfəri barədə sual veriləndə tüklərim biz-biz olur” – PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi klubun UEFA Çempionlar Liqasının finalına yüksəlməsi ilə bağlı fikirlərini bölüşüb.

Paris təmsilçisi yarımfinal mərhələsində “Arsenal”ı iki oyunun nəticəsinə əsasən 3:1 hesabı ilə məğlub edib (1:0, 2:1).

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, PSJ-nin rəhbəri klub tarixində yeni və möhtəşəm bir səhifə yazdıqlarını söyləyib:

“Bu, PSJ üçün möhtəşəm bir axşam idi. Klub tarixində yeni və möhtəşəm bir səhifə yazırıq. Buradayıq və hər iki yarımfinal oyununu qazana bildik.

Qrup mərhələsinin bitməsinə üç tur qalmış, pley-offa çıxmaq təhlükədəykən kimsə finala yüksələcəyimizi desəydi, inanmazdım. Amma mən həmişə oyunçulara, baş məşqçiyə və onun məşqçilər heyətinə inanmışam. Bu mövsüm nəsə xüsusi bir şey baş verdiyini hiss edirdik. Həm meydanda, həm də ondan kənarda hər kəs bir-biri üçün mübarizə aparırdı, xoşbəxt idik və klubun rənglərini ürəklə müdafiə edirdik. Azarkeşlərimiz də əla idi.

Mənə Münhen səfəri barədə sual veriləndə tüklərim biz-biz olur. Futbolçularımızla qürur duyuram. Görünür, biz Çempionlar Liqasının finalına yüksəlmiş ən gənc komandayıq. Təkcə PSJ-nin deyil, turnirin tarixində də iz qoyduq”.

Çempionlar Liqasının final oyunu mayın 31-də Münhendə keçiriləcək. PSJ finalda “Barselona”nı mübarizədən kənarlaşdıran “İnter”lə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button