ÇL-in final oyunu təkrar keçiriləcək
Futbol üzrə Afrika Çempionlar Liqasının final oyunu yenidən keçiriləcək.
Komanda.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Edi Amel məlumat verib.
Xatırladaq ki, sözügedən qitənin Çempionlar Liqasının finalında Mərakeşin “Vidad” klubu ilə Tunisin “Esperans”ı qarşılaşıb. Tərəflər arasında Mərakeşdə baş tutmuş ilk oyunda qalib müəyyənləşməyib – 1:1. Mayın 31-də Tunisdə keçirilmiş cavab qarşılaşması isə yarıda qalıb. Həmin oyunun 58-ci dəqiqəsində “Vidad”ın vurduğu qol, hakim tərəfindən sayılmayıb. Baş hakim Bakari Qassamanın VAR sisteminə müraciət etmədiyini görən “Vidad” klubunun futbolçuları meydanı tərk edib. Qassama, oyunun 1,5 saatdan artıq dayanmasından sonra 58-ci dəqiqəyə qədər 1:0 hesabıyla öndə olan “Esperans”ı çempion elan edib.
CAF-ın prezidenti isə bu qərarın ədalətsiz olduğunu və cavab qarşılaşmasının təkrarlanacağını bildirib: “Matç təkrar keçiriləcək. Amma Tunisdən kənarda. “Esperans” medal və mükafatı geri qaytarmalıdı. Qarşılaşmanın dəqiq tarixi isə yaxın günlərdə müəyyənləşəcək”.
Bizi Facebook-da izləyin