“Ofsayd”da qalan “Neftçi”, tarix yazan “Alaşkert” YAZI
Abdulla İsmayıloğlu
“Ən yüksək hədəflər üçün “Neftçi”dəyik”.
“Neftçi”nin “sükanı arxasına” keçən Samir Abasov yuxarıdakı ifadə ilə çox böyük vəd versə də, ötən ölkə çempionatında “Qarabağ”ın vacib xallar itirməsi və hakimlərin müstəsna “xidmətlər”i sayəsində çempionluqdan başqa, heç bir yüksək hədəfi fəth edə bilmədi. “Neftçi”nin avrokuboklarda fiaskosu sübut etdi ki, ölkənin ən qocaman klubunun rəhbərliyi və baş məşqçisi yalnız boğazdan yuxarı populist vədləri ilə “pəhləvanlığ”ı bacarır.
25 ildən çoxdur avrokuboklarda çıxış edən, 2008-ci ildə İntertoto kubokunda iki mərhələ keçən, UEFA Avropa Liqasının 2012-2013-cü illər mövsümünün qrupunda oynamaqla müasir Azərbaycan futbolu tarixində ilkə imza atan “Neftçi” nə qədər enişli yollardan keçsə də, avrokuboklarda keçirdiyi son dörd oyundakı nəticələr kimi rüsvayçılığı olmamışdı.
Necə olur ki, 10 il əvvəl AL-in qrup mərhələsində oynayan klub daha da inkişaf etmək əvəzinə ildırım sürəti ilə deqradasiyaya məruz qaldı?!
2013-cü ildən bu yana “Neftçi” avrokuboklarda ən yaxşı halda iki mərhələ keçə bilib. Qarşılarında “Çin səddi”nə çevrilən komandaların əksəriyyəti əslində keçiləsi rəqiblər olub, hətta adından qorxduğumuz “Olimpiakos” da. Yunanıstan nəhənginə hər iki oyunda minimal hesabla uduzan “ağ-qaralar”, Finlandiya HJK-sı, İsrail “Makkabi”si (Hayfa) ilə oyunlarda darmadağın olundu. Ümumilikdə, ölkə çempionatındakı oyunlarını da nəzərə alsaq, “ağ-qaralar” son 10 oyunda qapısından 19 top buraxıb. Hansı ki, ötən ölkə çempionatının dörd dövrəsində 25 top buraxmışdı. Bu statistika onu göstərir ki, komandanın müdafiə xətti iflic vəziyyətdədir. Ümumilikdə isə klub batmaqda olan gəmini xatırladır. Belə bir ifadə var: “Batmaqda olan gəmini ən birinci siçanlar tərk edər”. Burulğana düşən “Neftçi” donanmasını isə ən birinci aparıcı oyunçusu Namik Ələskərov tərk etdi, özü də qalmaqalla. “Neftçilər”lə müqaviləsi olan futbolçu heç kimin xəbəri olmadan başqa klublarla danışıq aparır, günlərin bir günü isə bəlli olur ki, “Neftçi”yə məxsus futbolçu artıq başqa klubun oyunçusudur. Xala-xətrin qalmasın deyə, şəxsi hesabından da köhnə klubuna 50 min avro “şirinlik” göndərir ki, məsələni şişirtməyin. Ən əsası, nə baş məşqçinin, nə də aidiyyatı digər şəxslərin bu komediyadan xəbərləri yoxdur. “Fil qulağında yatan” Samir Abasov “Makkabi” ilə oyundakı fiaskodan sonra yuxudan oyanaraq, “heyətimiz yetərli olmadığı üçün avrokuboklarda mübarizəni dayandırdıq” deməklə futbol ictimaiyyəti və azarkeşlər arasında ikraha səbəb olur. Görəsən, çempionluq eyforiyasına qapılan Samir Abbasov, klubun seleksiyaçı məşqçiləri, prezidenti Kamran Quliyev avrokuboklara hazırlıq ərəfəsində nə işlə məşğul idilər? Heyətin avrokuboklarda yetərli olması üçün lazımi futbolçular niyə cəlb olunmadı? Baş məşqçi niyə komandanın oyununu kollektiv üzərində yox, fərdi futbolçular üzərində formalaşdırmışdı?
Bütün bu sualları yaradan problemləri vaxtında həll etməyən aidiyyatı şəxslər ölkənin ən qocaman klubunu yaşıl meydanlarda rüsvay edəndə, ermənilərin çempionu “Alaşkert” tarix yazdı. Özü də, tarixi yazan əsas fiqur klubun baş məşqçisi Aleksandr Qriqoryandır. O Aleksandr Qriqoryan ki, onun Samir Abasovdan fərqli olaraq, normal futbolçu karyerası olmayıb. O, artıq 20 yaşında qarşısına peşəkar baş məşqçi olmağı hədəf qoyur. Onun baş məşqçi karyerası daha çox Rusiya futbolu, əsasən də qadın futbolu ilə bağlıdır. Ən böyük uğurları da məhz şimal qonşumuzun qadın futbol klubları ilə qazanıb. Belə ki, Qriqoryanın rəhbərlik etdiyi “Lada” qadın komandası dörd dəfə Rusiya kubokunu qazanıb, bir dəfə Rusiya çempionu olub. Ardınca digər qadın klubu “Zvezda 2005”-lə ölkə daxilində bütün titulları qazanmaqla yanaşı, komandasını 2009-cu ildə qadınlar arasında UEFA Çempionlar Liqasının finalçısı da etməyi bacarır. Qadın futbolunda uğurlar qazandıqdan sonra bir çox Rusiya klublarının, o cümlədən “Anji”, “Tambov” kimi komandaların “sükanı arxasında” olur. İkinci klub məhz onun sayəsində Rusiya Premyer Liqasına vəsiqə qazanır. Qriqoryan Rusiya futbolunda (həm kişi, həm qadın) kifayət qədər uğurlar əldə etdikdən sonra özünü vətəni Ermənistanda sınamaq qərarına gəlir. 2019-2021-ci illərdə “Urartu” komandasının “sükanı arxasında” olur, lakin uğur qazanmayaraq, istefa verir. 2020-2021-ci il mövsümünün sonuna səkkiz gün qalmış “Alaşkert” klubuna keçir və komandanı çempion edir. Onun bu uğuru Ermənistanın idman mətbuatında “8 günə çempionluq qazanan baş məşqçi” başlıqlı yazılarla ölkə gündəmini zəbt edir. Ardınca ÇL-in 1-ci mərhələsində Uelsin “Konas” klubunu məğlub edir, 2-ci mərhələdə “Şerif”lə (Moldova) bacarmayaraq, Avropa Liqasına yuvarlanır. Burda özündən qat-qat güclü Qazaxıstan “Kayrat”ını məğlub edərək, pley-off mərhələsinə keçməklə, Şotlandiyanın ən titullu, 150 yaşlı “Reyncers” klubuna rəqib olur. Çoxu düşünürdü ki, Stiven Cerrardın rəhbərlik etdiyi “Reyncers” erməniləri darmadağın edərək, məsələni ilk oyunda həll edəcək və Qriqoryanı rüsvaylıqla Ermənistana yola salacaq. Lakin gözlənilənlərin əksinə olaraq, Qriqoryanın komandası şotlandlara son dərəcə ciddi müqavimət göstərdi. Yekunda, Qlazqo təmsilçisi çətinliklə matçı 1:0 hesabı ilə başa vurdu. Ermənistandakı cavab oyununda “Alaşkert” daha güclü pressinq tətbiq edərək, alınmaz qalaya çevrildi. Hətta 50 dəqiqədən çox 10 nəfərlə oynayan Qriqoryanın komandasına “Reyncers” nə qol vura, nə də qalib gələ bildi. Nəticədə, matç qolsuz heç-heçə ilə bitdi. “Alaşkert”in AL macərası bitsə də, Konfrans Liqasının qrupuna vəsiqəni təmin etməklə, bu yarışın qrup mərhələsinə düşən ilk Ermənistan klubu kimi tarix yazdı.
Xüsusi olaraq vurğulayıram, “Alaşkert” klubu yarandığı gündən (1990-cı ildən) onun “sükanı arxasında” ancaq erməni məşqçilər dayanıb ki, nəticəsi də göz önündədir. Sovet dövrünü nəzərə almasaq, 1992-ci ildən bu yana “Neftçi”yə yerli, əcnəbi, kimlər gəldi, kimlər getdi, amma “ağ-qaralar” zirvələri fəth edə bilmədi. “Neftçi”nin ÇL-dən guppultu ilə Azərbaycan Premyer Liqasına yuvarlanmasında əsas pay sahiblərindən olan Samir Abasov olub keçənlərə bu cür şərh verir:
“Heyətimiz yetərli olmadığı üçün avrokuboklarda mübarizəni dayandırdıq. “Neftçi” avrokuboklarda oynamaq üçün hazır deyil”.
Bu ifadəsi ilə Abasov da “Neftçi”nin tarixində uğursuz və səmərəsiz baş məşqçilər halqasına qoşulmuş oldu.
“Ağ-qaralar”ın populistliklə önə çıxan, amma bir kibrit çöpü kimi tez sönən baş məşqçisindən fərqli olaraq, düşmən ölkənin futbol klubunun baş məşqçisi Qriqoryan müsahibələrinin birində vurğulayır:
“Futbol üzrə hegemonluğunun olub-olmamasından asılı olmayaraq, istənilən ölkədə ciddi klub yaratmaq olar”.
Erməni baş məşqçinin dedikləri ilə əməlləri göz önündədir.
Beləliklə, 26 avqust 2021-ci il təqvimi futbol tarixində özünəməxsus iz qoydu. “Acından ölən”, UEFA reytinqində 43-cü pillədə qərarlaşan Ermənistanın “Alaşkert”, eləcə də, futbol ölkəsi olmayan Estoniyanın “Flora” (UEFA reytinqində 50-ci), Cəbəllütariqin həvəskarlardan ibarət “Linkoln Red İmps” (UEFA reytinqində 52-ci) kimi klubları Konfrans Liqasının qrupuna vəsiqə qazandıqları halda, 84 illik tarixə, sponsor gücünə, infrastruktura, bazaya sahib və dövlətin neft fondundan milyonlarla maliyyəsi olan “Neftçi” rüsvayçılıqla “ofsayd”da qaldı.
Bizi Facebook-da izləyin