“Çıxışımı qənaətbəxş hesab edirəm” – Vüqar Əsədli
“Azərbaycan çempionatında çıxışımı qənaətbəxş hesab edirəm”.
Komanda.az xəbər verir ki, bunu Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında, Azərbaycan çempionatının 1/4 finalında mübarizəni dayandıran Vüqar Əsədli təəssüratlarını bildirərkən deyib.
Şahmatçı öz oyununu normal qiymətləndirib:
“Azərbaycan çempionatında çıxışımı qənaətbəxş hesab edirəm. İlk mərhələdə Kənan Qarayevi məğlub etdim. 1/8 finalda Eltac Səfərliylə tay-brekdə gərgin mübarizədə uğur qazanaraq mərhələ adladım. Eltacla partiyalar çox çətin oldu. 1/4 finalda Teymur Rəcəbovla oyunları bəyəndim. Rəcəbovla tay-brekdə ilk oyunda riskli variant seçdim və pis vəziyyət aldım. Tay-brekin ikinci partiyasında uduşa oynamağıma baxmayaraq hesablamada dəqiq olmadım. Ümumiyyətlə isə oyunumu normal dəyərləndirirəm”.
Əsədli 1/4 finalda Teymur Rəcəbova rəqib olmağının çətinliyindən danışıb:
“İlk dəfə klassik şahmatda Teymura qarşı oynadım, çox möhkəm şahmatçıdır. Oyun üslubumuz fərqlidir. Ölkə çempionatında bütün şahmatçılar güclüdür, zəif iştirakçı yox idi. Sadəcə başqa rəqiblə qarşılaşsaydım nəticə fərqli ola bilərdi. Belə şahmatçıyla mübarizə aparmaq mənim üçün təcrübədir. Bəzi şeyləri Teymurdan öyrəndim”.
O, ölkə çempionatının təşkilatçılığı barədə suala cavab verib:
“Azərbaycan çempionatı yüksək səviyyədə təşkil olunub. Dünya şahmat elitasında təmsil olunan iki qrossmeysterin çempionatda oynaması ciddi rəqabətdən xəbər verir. İştirakçı kimi şahmatçılara yaradılan şəraitdən razı qaldım. Belə yarışda oynamaq çox xoş oldu”.
Sonda Vüqar Əsədli Rumıniyada təşkil olunacaq Avropa çempionatında iştirak etməyi planlaşdırdığını söyləyib.
Bizi Facebook-da izləyin