Cinayətkarların arasından şöhrətin zirvəsinə Yazı+Fotolar

Cinayətkar qruplaşmaların içindən çıxıb, dünya çempionluğu qazanan bir adamın hekayəsidir bu. Adı dəfələrlə qalmaqala qarışan, buna baxmayaraq, böyük uğurlar qazanan boksçunun hekayəsi. Bir qorillanın digərlərinə xəsarət yetirdiyini görən, intiqam almaq üçün həmin qorilla ilə döyüşmək istəyən qeyri-adi xarakterli idmançının hekayəsi…

Mayk Tayson 30 iyun 1966-cı ildə, ABŞ-ın cinayətlərin ən çox olduğu bölgələrinin birində – Bruklində dünyaya gəlib. Bir çox filmlərin əsas mövzusu olan bu şəhərdə Tayson özünü cinayətkarların arasında görür və bir neçə cinayətdə adı çəkilir. Hələ 13 yaşı olarkən, üzərində silah gəzdirdiyi və atəş açdığı üçün nəzarətə götürülən Tayson, o yaşına qədər müxtəlif səbəblərdən 13 dəfə həbs olunmuşdu. Uşaqlığında ailəsi və ətrafındakılar tərəfindən tez-tez şiddətə məruz qalan Mayk, küçə döyüşləri ilə maraqlanmağa başlayır. Nyu-Yorkda yerləşən oğlanlar üçün məktəbdə təhsil alan bu uşaq, tez-tez dava edirdi. Buna görə də, dəfələrlə töhmət və intizam cəzaları almışdı. Buna baxmayaraq, onun bu davakar xasiyyəti həvəskar boks məşqçisi Bob Stevardın diqqətini çəkir və Mayk onun təkidlərindən sonra boksla məşğul olmağa başlayır. İlk olaraq, məktəblərarası turnilərdə iştirak edən gələcəyin böyük döyüşçüsü, boksu çox sevməyə başlayır.

1980-ci ildə isə o, bütün həyatını dəyişdirən və tanınmasına səbəb olan boks əfsanəsi Kos Damato ilə tanış olur. Damato Maykı Katskilə – öz evinə aparır, ona bu evdə məşq keçir, ilk gündən onu övladı olaraq görür və onunla yaxından maraqlanır. O, Taysonun məşqçisindən çox, atası kimi olur. Ata-oğul münasibəti quran Damato və Tayson, hər dəfə bir-birlərinə çox borclu olduqlarını dilə gətirirdilər. Damato verdiyi açıqlamaların birində Tayson haqqında bunları demişdi:

“Ona tez-tez “sənə çox şey borcluyam” desəm də, heç vaxt məni başa düşmür. Mayk hazırda bu yerdə olmasaydı, böyük ehtimalla, mən də indi sağ olmazdım. Təbiət insanların təxmin etdiyindən daha ağıllıdır. Dəyər verdiyimiz insanları bir-bir itirərik. Davam etmək üçün bir səbəbimiz olmasa, “Mənim bu dünyada nə işim var” sualını verənə qədər hər şeyi yavaş-yavaş itərərik. İnsanlar hər şeyə öyrəşir, ölüm düşüncəsi belə, artıq insanların öyrəşdikləri bir şeydir və onlar bunu qəbul ediblər. Mənim düşüncəmə görə, insanlar yaşayacaq motivasiyaya sahib deyillərsə, ölərlər. Amma mənim bu dünyada Mayk kimi bir səbəbim var və o uşaq mənim motivasiyamdır. Yaşayacam və onun qazandığı uğurları izləyəcəm, o uğurları görənə qədər heç bir yerə getməyəcəm. Çünki mən gedəndə, o, təkcə döyüşməyi deyil, həm də öz başının çarəsinə baxmağı öyrənmiş adam olacaq. Mən bir insanı dünya çempionu etdiyim zaman deyil, onu məndən asılı olmadan, dünya çempionu etdiyim zaman uğurlu olmuş sayılacam”.

Mayk Tayson və Kos Damato

Və… həmin gün gəldi. Mayk Tayson 1985-ci ilin martın 6-da ilk peşəkar döyüşünü keçirir və elə birinci raundun 8-ci saniyəsində rəqibini nokautla məğlub edir. O, bu qələbə ilə bütün dünyada məşhurlaşır və adı ən yaxşı boksçuların arasında çəkilməyə başlayır. Bir il sonra isə qəhrəmanımız Yamayka əsilli Trever Barbiki ikinci raundda məğlub edərək, WBC üzrə ağır çəkidə dünya çempionu adını qazanır. Boks dünyasına mükəmməl addım atan Tayson, 1987-ci ildə həmyerlisi, “sümükqıran” ləqəbli Ceyms Smiti məğlub edir və WBA kəmərinin yeni sahibi olur.

Tayson – Trever Barbik döyüşündən

Həmin ilin avqustun 1-də Maykın dünyanın ən yaxşı boksçusu olub-olmadığı dəqiqləşəcək, o dövrün İBF kəmərinin sahibi, ağır çəkidə çempion Toni Tukerlə döyüşə çıxacaqdı. Həmin vaxta qədər keçirdiyi bütün qarşılaşmalardan daha çətin keçdi bu döyüş, amma Tayson 12 raundun sonunda qalib gələrək, kəmərləri arasına İBF kəmərini də daxil edir. Beləliklə, o, bu döyüşdən sonra dünyanın ən yaxşısı olduğunu sübut edir.

Tayson Toni Tukerə qarşı

1988-ci ilin fevralın 7-də Robin Qivenslə evləndikdən sonra Taysonun həyatında uşaqlıq günlərinin izləri görünməyə başlayır. Həyat yoldaşını və ailəsini şiddətə məruz qoyduğu üçün dəfələrlə polisə düşür Mayk. Amma onun adının çəkildiyi qalmaqallar bununla bitmir. O, həmin günlərdə özü kimi boksçu olan Mitç Qrinə küçədə fiziki güc göstərdiyi, gecə klublarının birində olan davaya qarışdığı üçün dəfələrlə məhkəmə qarşısına çıxarılır. Bu hadisələrdən sonra o, 1989-cu ildə Robin Qivensdən boşanır.

1990-cı ilə qədər keçirdiyi 37 döyüşün hamısında qalib gələn Tayson, 1990-cı ilin 11 fevralında, Tokioda keçirilən görüşdə Buster Duqlasa məğlub olaraq, həmin günə qədər qazandığı İBF, WBA, WBC kəmərlərinin hamısını itirir.

Tayson Buster Duqlasa məğlub olur

Elə həmin il onun adı böyük bir qalmaqala qarışır və üç il müddətinə azadlıqdan məhrum edilir. Tayson həbsxanada müsəlmanlığı qəbul edir və adını dəyişdirərək, Malik Əbdüləziz qoyur.

Həbsxanadan çıxdıqdan sonra keçirdiyi ardıcıl üç döyüşdə qalib gələn Mayk, 1996-cı ildə WBC kəmər sahibi Brus Seldonla qarşılaşmaq haqqı qazanır. Elə ilk raundda Seldonu texniki nokautla məğlub edən Tayson, WBC kəmərini yenidən əldə edir. Cəmi bir il sonra isə o, tarixin ən böyük qalmaqallarından birinə imza atır. Bir il əvvəl məğlub olduğu Evander Holifilddən revanş almaq istəyən Tayson, 1997-ci ilin 28 iyununda cavab görüşünün keçirilməsinə nail olur. Döyüşün 3-cü raundunda əsəblərinə hakim ola bilməyən Mayk, rəqibin qulağını dişləyir və diskvalifikasiya olunur. Bu hadisədən sonra böyük pul cəzaları alan Taysonun bir çox yerdə döyüşməsi qadağan olunur.

Evander Holifildin qulağını dişləmək Taysona baha başa gəldi

Karyerası ərzində 58 döyüşə çıxan Mayk Tayson, 44-ü nokaut olmaqla, bu görüşlərin 50-də qalib gəlib. 6 dəfə rinqdən məğlub durumda ayrılan Taysonun iki döyüşü nəticəsiz qalıb. Həyata çox kiçik yaşlardan və çətin şərtlərdə başlayan əfsanəvi boksçu, hər nə qədər örnək götürüləsi idmançı olmasa da, öhdəsindən gəlməyə məcbur olduğu çətinliklər və bunlara baxmayaraq, qazandığı uğurlarla bu gün də böyük hörmətlə və sevgiylə xatırlanır.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button