Cilalanmamış istedad, azərbaycanlı məşqçilərin daha bir “qurban”ı

Rəşad Ergün

Mahir Emrelinin Xorvatiyanın ən böyük klublarından sayılan Zaqreb “Dinamo”sundan Türkiyə “Konyaspor”una icarə əsasında keçidi müzakirə və mübahisə mövzusu ola bilər. Şəxsən mənə görə, bu, geriyə atılan addımdır. Xorvatiya çempionatı bəlkə də, Türkiyə Super Liqası qədər güclü deyil, məşhur futbolçulara qucaq açmır. Amma Zaqreb “Dinamo”su ilə “Konyaspor” müqayisəyə gəlməz. Biri Avropada yetərincə tanınan, uğurları olan, Xorvatiyada çempionluqlara daimi “abunəçiliy”i ilə seçilən, digəri isə Türkiyə sınırlarından kənarda elə də tanınmayan, sıradan bir komanda.

Nəsə mənə elə gəlir ki, Mahirin yolu millidəki komanda yoldaşı, hazırda “Qarabağ”da forma geyinən Ramil Şeydayevin yoluna bənzəyir, sonluq da oxşar olacaq. Ramil də Mahir kimi xaricdə bir neçə klubda forma geyindi, hətta bir ara yolu Türkiyənin “Trabzonspor” komandasına da düşdü. Ancaq sonluq Azərbaycan çempionatı oldu.

Mahir Emreli niyə “Dinamo”da özünü göstərə bilmədi? İstedadı çatmadı?

Xeyr, Mahir istedadlı futbolçudur. Ancaq cilalanmamış istedad. Doğru yönləndirilməmiş, daha böyük karyera üçün daha yaxşı hazırlaşdırılmamış istedad. Və bütün bunlar demək olar ki, bütün azərbaycanlı futbolçuların alın yazısıdır, karyeralarının üzərinə yapışdırılan etiketdir.

Emrelinin Xorvatiyada az şans qazanmasının səbəblərindən biri də tez-tez zədələnməsi oldu. Yadımdadır, hazırda “Zirə”nin baş məşqçisi olan, futbolçu karyerası ərzində bir neçə dəfə Türkiyə klublarında forma geyinən Rəşad Sadıqovla illər əvvəlki söhbətimizdə legioner həyatının çətin, ağır tərəflərindən danışmışdı. O, Türkiyə Super Liqasında oynamağın çətin, məşqlərin ağır, fiziki yüklənmənin zədələrə səbəb olduğunu demişdi. Sadıqov Türkiyə çempionatında xeyli sayda oyuna ayağında ağrılarla az çıxmamışdı. Mahir də eyni şeyi “Dinamo”da yaşadı.

Çox təəssüf ki, Azərbaycanda əksər məşqçilər futbolçuları hazırlayarkən onların nə vaxtsa Avropa klublarında oynamaq ehtimalını nəzərə almırlar. Hətta nəzərə alsalar belə, Avropa klublarında oynaya biləcək futbolçu yetişdirməyə potensialları, savadları çatmır. Nəticədə, bayaq yazdığım kimi, ortaya mahir emreliler, rəşad sadıqovlar çıxır – cilalanmamış istedadlar.

Mahir “Konyaspor”da uğurlu ola biləcəkmi? Buna ən səhih cavabı elə Mahirin özü verəcək. Amma Emreli bir şeyi anlamalıdır ki, bu, onun son şansıdır. Həm “Dinamo” rəhbərliyinə onu icarəyə göndərməklə yanlış qərar verdiklərini sübut etməlidir, həm də… Həm də, onu cilalamadan, tam hazır olmadan böyük futbola atan keçmiş məşqçilərinə.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button