Ciddiyyət

Rəşad Ergün

Əlini uzadıb keçmişdən bircə, tək bircə nümunə götürmək istəyirsən ki, baxın, Azərbaycan milli komandasının milli futbolçuları, sizdən əvvəlkilər kimi oynayın, o nümunəni tapa bilmirsən. Ardıcıl 10-15 məğlubiyyətdən sonra gələn təsadüfi qələbələr, heç-heçələr.

Torres getdi, Foqts gəldi, Foqts getdi, Prosineçki gəldi, Prosineçki getdi, Yurçeviç gəldi, Yurçeviç getdi, De Byazi gəldi, De Byazi gedəcək… Tutaq ki, Abdullayev gələcək, Abdullayev gedəcək, Sadıqov gələcək, Sadıqov gedəcək, Diniyev gələcək, Diniyev gedəcək, Qurbanov gələcək… Get, gəl, get, gəl… Bunun sonrası yoxdur.

Bilirsiz, deyilmi, Azərbaycan millisi bu gün Belarus yığmasını 5:0 hesabı ilə məğlub etsə də, bunun da sonrası yoxdur. Necə ki, bir neçə gün əvvəl ölkənin 21 yaşadək futbolçulardan ibarət milli komandası Estoniyanı 5:0 hesabı ilə məğlub etmişdi, amma ağlı başında olan kimsə bunu ciddiyə almadı. Ciddiyyət – davamlılıqdır, sabitlikdir. Bizim futbolda nə davamlılıq var, nə sabitlik.

Dünən hörmətli Anar Şabanoğlu hazırda “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqovun Bakıda Uels millisinin qapısına vurduğu qolun videosunu paylaşmışdı. Həmin Uels millisi ki, illər əvvəl Bakıya səfər edəndə Avropa futbolunda ciddiyə alınmayan komandalardan sayılırdı. Amma nə etdilər, necə etdilər, sonra Avropa çempionatının final mərhələlərində oynadılar, indi də Qətərdə keçiriləcək DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanmağın kefini yaşayırlar. Ciddiyyət budur.

Üzümü Azərbaycan futboluna rəhbərlik edənlərə tutub, ciddiyyətə dəvət edərdim, amma aralarında bircə nəfər də ciddi futbol adamı yoxdur.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button