“Onunla mübahisə etmək fikrim yoxdur, mənim işim Ceyhun Sultanovladır”
Bir müddət əvvəl “Neftçi” iranlı yarımmüdafiəçi Saman Nəriman Cahanın transferini açıqlamışdı. Amma Cahanın keçidi söz-söhbətə səbəb oldu. Menecer Xanbaba Daşdı futbolçunun transferində özünün rol oynadığını, buna görə ona müəyyən məbləğdə pul çatmalı olduğunu bildirirdi.
Futbol meneceri hələ də “ağ-qaralar”dan almalı olduğu məbləği almayıb. Daşdı, Komanda.az-a verdiyi açıqlamada, bu məsələdə “Neftçi”nin idman direktoru Ceyhun Sultanovu günahlandırıb:
“Futbolçunun rəsmi mandatı, təmsilçilik hüququ məndədir. Klubun prezidenti Kamran Quliyev “CBC Sport” kanalında canlı yayımda bildirdi ki, mən futbolçunu onlara təklif etmişəm, amma onlara heç bir mandat təqdim etməmişəm. Mən də bildirdim ki, rəsmi mandat Ceyhun Sultanova təqdim olunub. Artıq Ceyhun Sultanovla danışmıram, yazdıqlarıma cavab vermir. Futbolçu üç aydır ki, burdadır. Qarşıda hələ 12 ayı var. Buna görə də, tələsmirəm. Amma ödənişim edilmirsə, niyə düzgün olanları danışmayım? Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev çıxıb açıqlama verdi ki, sən özünü “Neftçi” adı ilə reklam edirsən. Mənim bunun üçün səbəbim yoxdur. Mən bu klubu uşaqlıqdan sevirəm, o formanın qədrini hamıdan daha yaxşı bilirəm. “Neftçi” də əvvəlki imicində deyil. Rüstəm bəyin fikirlərini normal hesab edirəm, bundan başqa nə deyə bilərdi ki,? Onunla mübahisə etmək fikrim yoxdur, mənim işim Ceyhun Sultanovladır. Onunla aramızda danışıqlar olub, amma bunları açıqlamaq etik cəhətdən düzgün olmaz.
Sultanov hazırda mənə qarşı tərbiyəsizlik edir. Mən bu tərbiyəsizliyi “Neftçi” adına deyil, Ceyhunun adına yazıram. “Neftçi” adı mənim üçün böyük addır. Mən o klubun azarkeşləri içindən çıxan menecerəm. Sadəcə haqqımı tələb edirəm. Futbolçunu mən təklif etmişəm, mən danışmışam, amma Ceyhun Sultanov bilərək məni transferdən uzaqlaşdırıb. Hazırda nə telefonlara cavab verir, nə də başqa addımlar atır”.
Bizi Facebook-da izləyin