Çexiya millisinin yarımmüdafiəçisi “Fiorentina”da

İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Florensiya təmsilçisi “Verona”nın yarımmüdafiəçisi Antonin Barakı heyətinə qatıb.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Çexiyadan olan 27 yaşlı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

Florensiyalılar bir illik icarə üçün “Verona”ya 1.5 milyon avro ödəyəcəklər. Yarımmüdafiəçinin transfer hüquqlarının alınması üçün isə 20 milyon avro ödəmək lazım gələcək.

“Verona” Antonin Barakı 2020/21 mövsümünün əvvəlində 500 min avroya “Udineze”dən icarəyə götürmüşdü. Ötən ilin iyulunda isə daha 6 milyon avro ödəyərək futbolçunun transfer hüquqlarını da almışdı. Çexiyalı yarımmüdafiəçi bu komandada 68 oyuna 18 qol vurub, 8 məhsuldar ötürmə edib. O, daha öncə “Udineze” ilə yanaşı, “Pribram”, “Vlaşim”, “Slaviya” (Praqa) və “Leççe” kimi klubların da formasını geyinib. Barak Çexiya yığmasında 31 matç keçirib, 8 qola imza atıb.

“Fiorentina” gənc futbolçuları – Alessandro Byanko və Fallou Sene ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 19 yaşlı Byanko 4+1 illik müqaviləyə imza atıbsa, 18 yaşlı Sene 3 illik sözləşmə imzalayıb.

Barakı icarəyə göndərən “Verona” da heyətinə yeni oyunçular cəlb edib. Sözügedən klub İsveçin “Yurqarden” klubundan İsak Hini, Kolumbiya “Atletiki Nasyonal”ından isə Xuan Kabalı transfer edib. İtaliya klubu Hin üçün isveçlilərə 3.2, Kabala görə isə kolumbiyalılara 4 milyon avro ödəyib. İsak 4, Kabal 5 illik müqaviləyə imza atıb.

İsak Hin peşəkar karyerasına İsveçin “Vasalund” klubunda başlayıb. O, 2021-ci ilin yanvarından “Yurqarden”də çıxış edirdi. İsveçdən olan 23 yaşlı müdafiəçi bu komandada 23 oyuna çıxıb, 3 qol vurub.

Xuan Kabal isə “Atletiko Nasyonal”ın öz yetirməsidir. Kolumbiyadan olan 21 yaşlı futbolçu da müdafiəçidir. O, 2019-cu ildən Kolumbiya klubunun əsas komandasında forma geyinirdi. Gənc müdafiəçi meydana çıxdığı 49 matçda 1 qol vurub.

“Verona” “Cenoa”nın hücumçusu Yaya Kallonu da heyətinə qatıb. Syerra Leonedən olan 21 yaşlı forvard mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

Yaya Kallon 2021/22 mövsümünün əvvəlində “Savona”dan “Cenoa”ya keçmişdi. Gənc hücumçu ötən mövsüm bu komandanın heyətində meydana çıxdığı 18 oyunda 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button