Cenk Tosun yenidən “Beşiktaş”da
“Beşiktaş” sabiq hücumçusu Cenk Tosunu geri qaytarmağa qərar verib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi artıq sabiq forvardı və onun müqavilə ilə məxsus olduğu İngiltərənin “Everton” klubu ilə razılığa gəlib.
Türkiyə millisinin də üzvü olan təcrübəli futbolçu tezliklə İstanbula gələrək rəsmi müqaviləyə imza atacaq.
Hələlik, klublar bu barədə heç bir rəsmi açıqlama verməsə də, Cenk Tosun sosial şəbəkə hesablarında “Beşiktaş”a qayıtdığını gizlətməyib. O, sabiq komandasının formasındakı şəklini paylaşaraq, “Yenidən tarix yazmağa hazırıqmı?” sözlərini qeyd edib. Hücumçu 2018-ci ildə “Everton”a transfer olunarkən “Beşiktaş”ın “Twitter” hesabında paylaşılan “Bu əsla vəda deyil, Tosun Paşa! Bir gün yenidən qovuşacağıq” mesajını da xatırlayıb.
Qeyd edək ki, Cenk Tosun 2014/15, 2015/16, 2016/17 və 2017/18 mövsümünün birinci dövrəsi daxil olmaqla bütövlükdə 3.5 mövsüm “Beşiktaş”ın uğurları üçün çalışıb. 29 yaşlı hücumçu bu komandanın heyətində bütövlükdə 142 rəsmi matça çıxıb, 64 qol vurub. Cenk, 2018-ci ilin yanvarında 22.5 milyon avro qarşılığında “Everton”a transfer edilmişdi.
Yeri gəlmişkən, “Beşiktaş” öz oyunçularından Nikolas İsimat-Mirin ilə yollarını ayırıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstanbul klubu müqaviləyə xitam verilməsinin qarşılığında futbolçuya 750 min avro təzminat ödəyəcək. Halbuki, 29 yaşlı fransız müdafiəçinin klubla bir illik müqaviləsi qalırdı və bu müddət ərzində o, 1 milyon 275 min avro qazanacaqdı.
Mirin “Beşiktaş”a 2019-cu ilin yanvarında PSV-dən 350 min avroya transfer edilmişdi. İstanbul təmsilçisində cəmi 14 oyuna çıxan futbolçu ötən mövsüm Fransanın “Tuluza” klubuna icarəyə verilmişdi.
Bizi Facebook-da izləyin