“Çempionluq uğrunda mübarizə aparmağımız real görünmür” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 20-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyunla bağlı bunları söyləyib:

  • 7 oyun idi ki, uğurlu seriyamız var idi. Bu oyuna da böyük ümidlərlə hazırlaşmışdıq. “Neftçi” və “Qarabağ” kimi komandalarla matçlarda daha müdafiəyəmeyilli oynamağa çalışırsan. Həmin heyətlə öz oyunumuzu oynamağa çalışdıq. İlk hissəni uğursuz keçirdik. Rəqibə qol vurmaq imkanı verdik. Halbuki uzun müddətdir “Qarabağ” həmin kombinasiyanı yerinə yetirir. Ruhdan düşmürdük. Penaltidən sonra oyunun nəticəsi bəlli idi. Uşaqlar mübarizə aparırdılar. Amma “Qarabağ”la oyunda 0:2 geridəsənsə, ondan sonra oyunu dəyişmək çox çətin olur. “Qarabağ” elə ondan sonra daha rahat oynamağa başladı. Oyunu çevirmək mümkün deyildi. Nəticədə 0:3 hesabı ilə uduzduq. Komandaya uğurlu qrafikə görə təşəkkürümü bildirirəm. Hər oyunda qalib gəlmək mümkün olmur. Gərək şanslı da olasan həmin gün. Qış fasiləsindən sonra ən yaxşı “Qarabağ”ı gördük. Təbii ki, beynəlxalq oyunlarını nəzərə almasaq. Böyük istəklə oynayırdılar. İlk dəqiqədən 90-cı dəqiqəyə kimi eyni tərzdə davam etdilər. Belə olan halda daha ciddi müqavimət göstərməlisən. Təəssüf ki, bunu bacarmadıq.
  • “Qəbələ” ilə iki günlük oyunun bu məğlubiyyətdə nə dərəcədə rolu oldu?
  • Düzdür, proqram dəyişir. Amma inanmıram ki, bunun hər hansı təsiri olsun.
  • Penaltini dönüş anı saymaq olar?
  • “Qarabağ” ora qədər də böyük üstünlüklə oynayırdı. 2:0 çətin nəticə idi. Çox çətin idi dəyişmək oyunu. Penaltiyə gəldikdə, bu penaltidirsə, “Qəbələ”dəki nə idi? Kadinin qolu ofsayd deyil? Niyə Təmkinin qolu ofsayd idi? Eyni briqada idi. Hakimliklə bağlı hər turdan sonra danışa bilərik. Amma danışıb, rəqibin uğuruna kölgə salmaq istəmirəm. Üçüncü qol Təmkinin epizodu ilə eynidi. Bu penaltidisə, “Qəbələ”dəki 86-cı dəqiqədəki epizod nə idi? Daim bu cür vəziyyətlə üzləşirik.
  • İddialılar sırasında neçənci yeri tutmaq şansınız var?
  • Proqnoz vermək çox çətindir. Bu gün “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmağımız real görünmür. Mövsümün əvvəlindəki hakim səhvləri olmasaydı, xal fərqimiz daha az ola bilərdi. Çempionatda onlarla çempionluq mübarizəsi aparacaq komanda “Neftçi”dir. 2-3-cü yer və ya avrokuboklar üçün mübarizə aparırıq. Çətin oyunlar üst-üstə oldu. Son 4 oyunun üçünü səfərdə oynayacağıq. Hamı bir-birilə oynayır. Çalışacağıq ki, qarşıdakı oyunlardan maksimum xallarla ayrılaq.
  • 0:3-dən sonra dəyişiklik etdiniz. Hücumu yox, müdafiəni gücləndirdiniz…
  • Elə oyun olur ki, 0:2 geridəsən və gedişat göstərir ki, oyunu dəyişə bilərsən. Amma elə oyun da olur ki, 0:4-ə gedirsən və komandanı toparlamaq çətin olur. Qismət Alıyevin qırmızı vərəqə almasını istəmədim. Həm də baş verən insidentə əsəbləşdim. Hücumda da nəsə alınmırdı. Hər hansı dəyişiklik edib, gedişatı dəyişmək çətin idi. 0:2-dən sonra oyun bitmişdi.
  • Mükafatçılar sırasına düşmək, avrokuboklara çıxmaq üçün kifayət edər?
  • Özüm üçün hədəf avrokuboklara düşməkdir. Hamı bunu istəyir. Çempion olmağı kim istəməz ki? Ən yüksək hədəfləri istəyirik. Amma bu, nə dərəcədə alınacaq, zaman göstərəcək. “Qəbələ”nin, “Sabah”ın performansını nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmaq da uğur olacaq.
  • Əsas heyət oyunçuları Coşqun Diniyev və Cəlal Hüseynov sonradan meydana daxil oldu….
  • Coşqun Diniyev məşqlərdə iştirak edə bilməmişdi. Cəlal da əsas heyətdə oynayırdı. Rəqibin gücünü, hücum xəttini nəzərə alıb, daha təcrübəli müdafiəçilərə üstünlük verdik. Əslində, dünənə qədər heyəti dəqiqləşdirməmişdim. Sonda belə qərar verdim. Bunun hər hansı problem yaratdığını düşünmürəm. “Qarabağ” qələbəyə layiq idi. İkinci qolu buraxmasaydıq, bəlkə hər hansı şansımız ola bilərdi.
  • Milliyə oyunçular dəvət edilməsi hazırlığınıza necə təsir edəcək?
  • Millinin siyahısı bəlli deyil. Bir tərəfdən istəyirsən, milli üzvləri çox olsun, digər tərəfdən bu, problem yaradır. Çünki kollektiv şəkildə oyunlara hazırlaşmaq istəyirsən. Nə qədər çox oyunçu çağırsalar, sevinəcəyik.
  • Cəlal Hüseynovun “Benfika” məsələsi nə yerdədir?
  • Yayda ehtimal var idi. Əslində, ötən il qışda 2 həftəlik baxışa dəvət etmişdilər. Müqavilə də göndərmişdilər. Amma pandemiyaya görə gedə bilmədi. Yayda da ehtimal var idi. Dedilər ki, izləyəcəyik və nəzarətimizdə olacaq. Ondan sonra xəbər yoxdur.

Məhəmməd

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button