“Çempionluğa doğru addım-addım irəliləmək lazımdır” – Şeydayev
“Kocaelispor” klubunun yeni transferi Ramil Şeydayev yerli mətbuata açıqlama verib.
Komanda.az xəbər verir ki, “Azərbaycan millisinin futbolçusu Türkiyə 1-ci liqasında çempionluğu hədəflədiklərini bildirib:
“Altay”la növbəti turun oyununda debüt etmək istəyirəm. Bu, baş məşqçinin qərarından asılı olacaq. Baş məşqçinin qərarına hər zaman hörmətlə yanaşıram. Çempionluğa doğru addım-addım irəliləmək lazımdır. Hədəfimiz Super Liqaya vəsiqə qazanmaqdır.
“Eyüpspor”la matç yaxşı keçdi. Sürətli gedişlər oldu, atmosfer mükəmməl idi. “Eyüpspor” üçün çətin mübarizə alındı. Azarkeşlərimiz sayəsində bunu bacardıq. Çünki rəqibin futbolçularına böyük təzyiq göstərdilər. Açığı, çox xoşuma gəldi.
“Kocaelispor”a gəlməzdən əvvəl Rəşad Sadıqovla danışdım. Söhbətimiz uzun sürmədi. O, söhbət zamanı daha çox “Kocaelispor” azarkeşlərindən bəhs etdi. Komandanın çox yaxşı azarkeş kütləsinə malik olduğunu bildirdi. “Özünü necə rahat hiss edəcəksənsə, qərarını da ona görə ver” dedi. Mən də bura gəlməyi üstün tutdum.
Bura uyğunlaşmaq çox rahat olacaq. Çünki yaxşı dostluq mühiti hökm sürür. Türkiyədə olmuşam, dili bir az bilirəm. Dini baxımdan da heç bir fərq yoxdur. Komanda yoldaşlarımla yaxşı vaxt keçirirəm. Mənim üçün hər şey yaxşı gedir”.
Şeydayev qış transfer dönəmində “Kocaelispor”la 1,5 illik müqavilə bağlayıb.
Bizi Facebook-da izləyin