“Çempionlar Liqasını qazanmaq istəyiriksə…” – “Mançester Siti”nin futbolçusu
İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin de Bruyne komandadakı vəziyyəti ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu, “şəhərlilər”də xoşbəxt olduğunu bildirib:
“Mançester Siti”də özümü rahat hiss edirəm, çünki “Genk”dən sonra ən uzun müddət oynadığım klubdur. Burda xoşbəxtəm. Dünyanın ən yaxşı komandalarının birində, eyni zamanda, dünyanın ən yaxşı çempionatlarının birində oynayıram və ailəm də burda xoşbəxtdir. Bunlardan hansısa olmasaydı, bu, stress verərdi, amma hazırda heç bir stressim yoxdur. Özümü rahat hiss edirəm və oyunlara hazır olmaq üçün nəyə ehtiyacımın olduğunu bilirəm”.
28 yaşlı futbolçu, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la qarşılaşacaqları oyunla bağlı da danışıb:
“Püşkdə rəqibimizin daha asan ola biləcəyini düşünə bilmərik. Çempionlar Liqasını qazanmaq istəyiriksə, ən yaxşı komandanı məğlub etməliyik. Mübarizə apardığımız bütün turnirlərdə qalib gəlmək istəyirik. Kiminlə oynamağımızdan asılı olmayaraq, rəqibə hörmət edirik”.
Futbolçunun “Barselona” və “Real”ın maraq dairəsində olduğu deyilir.
Bizi Facebook-da izləyin