Samir Abasov püşkü dəyərləndirdi: “Özüm də onun nəyə qadir olduğunu yaxşı bilirəm”

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb və “Neftçi” Gürcüstanın “Dinamo” (Tbilisi) klubuna rəqib olub.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov klubun televiziyasına açıqlamasında püşkü dəyərləndirib:

“Rəqib haqda indi nəsə demək mənim üçün çətindir. Bu gündən başlayaraq rəqibi araşdırmalı, təhlil etməli və oyuna hazırlaşmalıyıq. Rəqibin bizi bir-iki məqamda üstələdiyini demək olar. Gürcüstan çempionatı davam edir və komanda həddindən artıq hazırdır. Bu, birinci amildir. İkinci amil isə baş məşqçidir. “Dinamo”nun çalışdırcısı Kaxaber Tsxadadzedir. Biz azərbaycanlılar, Azərbaycan futbol ictimaiyyəti onu həddindən artıq yaxşı tanıyırıq. Onun nəyə qadir olduğunu bilirik. Mən “İnter”də (indiki “Keşlə”) çıxış edəndə mənim baş məşqçim olub. Özüm də onun nəyə qadir olduğunu yaxşı bilirəm.

Bəli, bu günə bəzi problemlərimiz var. Bu, oyunçularla bağlıdır. Bəziləri hələ düşərgəmizə qoşula bilməyiblər. Bunu panika üçün demirəm, azarkeşlər narahat olmasın. Tam ciddiyətlə bu oyuna hazırlaşacağıq. Püşkdən əvvəl hansı rəqiblə qarşılaşmaq istədiyimi soruşsaydız, fərq qoymazdım. Biz neçə illərdir bu turnirlərdən uzaq düşmüşük. Bu, bizim üçün bir sınaq olacaq. Ümid edirəm ki, bu sınaqdan üzüağ çıxacağıq. “Şerif” də, “Ludoqorets” də düşsəydi, eyni ciddiyətlə hazırlaşacağdıq. Rəqiblər arasında fərq qoymurdum. Qismət bu idisə, buna hazırlaşmalıyıq. İnşallah, bütün xalqımızın, azarkeşlərimizin dəstəyi ilə burdan üzüağ çıxacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button