ÇL: “Liverpul” və “Mançester Siti” də yarımfinala yüksəldi!
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə “Bayern” səfərdə minimal hesabla məğlub olduğu “Vilyarreal”ın müqavimətini qırmağa çalışıb. Hesabı da Münhen təmsilçisi açıb. Amma qonaqlar matçın sonlarında hesabı bərabərləşdirə biliblər. Yekunda heç-heçə qeydə alınıb və növbəti mərhələyə İspaniya təmsilçisi vəsiqə qazanıb
“Real” isə Madriddə Çempionlar Liqasının son qalibi “Çelsi” ilə qarşılaşıb. “Kral klubu” İngiltərədə keçirilən ilk oyunda “zadəganlar”ı 3:1 hesabı ilə məğlub etmişdi. Bu baxımdan, “Çelsi”nin işi kifayət qədər çətin idi. Buna baxmayaraq, London təmsilçisi səfərdə ardıcıl 3 qol vurmaqla asan təslim olmaq istəmədiyini göstərib. Amma matçın sonlarında ümumi hesabı bərabərləşdirən İspaniya nəhəngi, əlavə vaxtda daha bir qol vurmaqla ümumi hesabda önə keçməyi bacarıb. Sonda növbəti mərhələyə vəsiqəni məhz “Real” əldə edib.
ÇL-də 1/4-in qalan iki oyunu bu gün keçirilib. “Atletiko” İngiltərədə minimal hesabla uduzduğu “Mançester Siti” ilə üz-üzə gəlib. Hesabın sürüşkən olması bu oyuna marağı ikiqat artırırdı. Amma cavab görüşündə qol qeydə alınmayıb və növbəti mərhələyə İngiltərə təmsilçisi vəsiqə qazanıb.
İngiltərə təmsilçilərindən “Liverpul” isə ilk oyunda 3:1 hesabı ilə məğlub etdiyi “Benfika”nı doğma meydanda qəbul edib. Bol qollu qarşılaşmada qalib müəyyənləşməyib.
Beləliklə, yarımfinalda “Liverpul” İspaniya “Vilyarreal”ı ilə, “Mançester Siti” isə Madrid “Real”ı ilə qarşılaşacaq.
Çempionlar Liqası, 1/4 final, cavab oyunları
12 aprel
Real (İspaniya) – Çelsi (İngiltərə) 2:3
Qol: Rodriqo, 80. Benzema, 96 – Maunt, 15. Rüdiger, 51. Verner, 75.
İlk oyun – 3:1
Bayern (Almaniya) – Vilyarreal (İspaniya) 1:1
Qol: Levandovski, 52 – Çukvueze, 88.
İlk oyun – 0:1
13 aprel
Liverpul (İngiltərə) – Benfika (Portuqaliya) 3:3
Qol: Konate, 21. Firmino, 55: 65 – Ramos, 32. Yaremçuk, 74. Nunez, 83.
İlk oyun – 3:1
Atletiko (İspaniya) – Mançester Siti (İngiltərə) 0:0
İlk oyun – 0:1
Bizi Facebook-da izləyin