“Ayrılsam, geri dönmək problem olacaq” – Müsahibə
“Səbail”in qapıçısı Aleksandr Rıbka müsahibə verib.
Komanda.az xəbər verir ki, “Zbirna.com”a müsahibə verən ukraynalı futbolçu, Azərbaycan futbolundakı vəziyyət barədə də danışıb:
- Aleksandr, koronavirus pandemiyası səbəbindən Azərbaycan çempionatının vaxtından əvvəl bitməsinə təəccüblənmədin?
- Prinsip olaraq, yox. Çünki vəziyyət bu qərarın verilməsinə doğru dəyişirdi. Təbii ki, çempionatı tamamlamaq istəyirdik, amma mövcud vəziyyət buna imkan vermədi.
- Ölkədə və şəhərdə koronavirusla bağlı vəziyyət necədir?
- Vəziyyət yaxşılaşmır. Şəhər yenidən karantindədir. Çölə qısa müddətlik – maksimum iki saatlıq çıxa bilərsiz. Belə qaydalar əvvəllər tətbiq edilmişdi, indi də təkrarlanır. Yoluxma azalmır, buna görə də, karantinin yumşadılması barədə danışılmır.
- Futbolçular hansı təlimatları alıb? Evdə tək məşq edirsən?
- Təlimlər yoxdur, məşq etməyə icazə verilmir. Əlbəttə ki, buna tətil də deyilə bilməz. Ümumiyyətlə, evdə oturub bacardığım qədər istirahət edirəm.
- Ukraynaya qayıtmağın yolu yoxdur?
- Ukraynaya çarter reysi ilə uçmaq imkanı var, ancaq klubumuz qəti şəkildə buna qarşıdır, çünki daha bir il müqaviləm var. Ayrılsam, geri dönmək problem olacaq. Hələlik vəziyyət belə görünür. Bəlkə də, sonradan bir şey dəyişəcək.
- Mövcud vəziyyətlə əlaqədar olaraq müqavilənizin maliyyə şərtləri yerinə yetirilirmi?
- Bu barədə hələ heç nə müzakirə edilməyib. Bildiyimə görə, heç bir dəyişiklik gözlənilmir. Müqavilədə yazılanlar qüvvədə qalacaq.
- “Qarabağ” çempion, “Neftçi” ikinci, “Keşlə” isə üçüncü oldu. Səncə, bu ədalətli oldu?
- Düşünürəm ki, hə. Bu üç komanda mövsüm ərzində yaxşı çıxış etdi. Xüsusilə də, “Keşlə” irəlilədi.
- Gələcək planların nələrdir? Müqavilənin sonuna qədər Azərbaycanda qalacaqsan?
- Bəli, karantin yumşaldılana qədər burda gözləyəcəm. Ümid edirəm ki, hər şey düzələcək və həyat əvvəlki tərzinə qayıdacaq. Vacib olan, insanların xəstələnməməsi və bu virusdan ölməməsidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin