
“Çempionatda tək sponsorsuz komanda bizik” – Ayxan Abbasov
“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının cari mövsümünün son turunda “Qarabağ”ı qəbul edib.
Komanda.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan “şirlər”in baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib.
Abbasov məqsədlərinin Premyer Liqada qalmaq olduğunu və bunun öhdəsindən gəldiklərini bildirib:
“Öncə “Qarabağ”ı təbrik edirəm. Uğurlar, həmişəki kimi ölkəmizi avrokuboklarda layiqincə təmsil etsinlər. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Məğlub olsaq da, sonadək dəstəklədilər.
Məqsədimiz Premyer Liqada qalmaq idi. Bunun öhdəsindən gəldik. Çətin oldu. Bəzi futbolçular qazandıq.
Rəsmi olmasa da, dövlətin ayırdığı vəsaitin məbləği aşağı düşəcək. Bildiyim qədər, çempionatda tək sponsorsuz olan komanda bizik. Və 500 min manatın bizim kimi komanda üçün əhəmiyyəti çox böyükdür.
Bir aydır rəhbərliklə gələcək mövsüm üçün danışıqlar aparırıq. Onlar da səy göstərirlər, əllərindən gələni edirlər. Bir yola çıxmışıq, bu yolu yarıda qoymaq düz olmazdı. Və gələn mövsüm burdayıq. İnanıram ki, yeni oyunçular olacaq, daha dinamik, daha gənc komanda formalaşdıracağıq.
Çalışacağıq ki, talantı olan oyunçular U-21-ə çağırılsın. Mən ilk müsahibəmdə də demişdim ki, sırf 2004-cü il təvəllüdlü oyunçular olmayacaq. Kimlər hazırlıqlıdırsa, milliyə tez-tez dəvət olunacaq. Özüm də, məşqçilərimiz də izləyir, nəzarətdə saxlayır.
Edqarın milliyə çağırılıb-çağırılmamsı Fernandu Santuşa aid olan məsələdir. O, tək Edqar deyil, digər oyunçularımızı da izləyir. Milliyə gedib orada oynamamaq da düzgün seçim deyil. Tam hazır olmalıdır ki, milliyə dəvət alsın”.
“Şamaxı” 2024/25 mövsümünü 36 xalla turnir cədvəlinin 7-ci pilləsində başa vurub.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin