Çempionat öncəsi hakimlər və məşqçilərlə görüş keçirildi
Fevralın 19-dan 23-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçiriləcək.
Komanda.az xəbər verir ki, bu gün bununla bağlı AGF rəhbərliyi hakimlər və məşqçilərlə görüş keçirib. Əvvəlcə hakimlərin iştirakıyla tədbir baş tutub. Görüşdə AGF-nin baş katibi Orxan Məmmədov, vitse-prezidentlər Elçin Cəfərov və Namiq Abdullayev, eləcə də Hakimlər Kollegiyasının sədri Qərib Əliyev iştirak edib. Elçin Cəfərov çıxış edərək həmişə olduğu kimi, hakimlərdən ayıq-sayıq olmağı, ədalətli idarəçilik etməyi, qərarlarında qəti olmağı, çəki məsələsində heç bir idmançıya güzəşt etməməyi tələb kimi qarşıya qoyub. Daha sonra söz alan Qərib Əliyev müəyyən metodiki tapşırıqlarını çatdırıb, mübahisə doğuran qərarlarla bağlı ətraflı izah verib.
Məşqçilərlə görüşdə Gənclər və İdman Nazirliyinin yunan-Roma güləşi üzrə kuratoru Tofiq Eyvazov da iştirak edib. Bu görüşdə məşqçilərdən nizam-intizam qaydalarına əməl etmələri, hakimlərin qərarlarına hörmətlə yanaşmaları tələb edilib. Tədbir başa çatdıqdan sonra sabah xalça üzərinə çıxacaq yunan-Roma güləşçilərinin püşkatma mərasimi təşkil olunub.
Bizi Facebook-da izləyin