“Çempion olmaq arzusu ilə sona qədər vuruşacağıq” – Emil Balayev
Qış transfer pəncərəsi dövründə Qazaxıstanın “Tobol” klubuna keçən Emil Balayev, yeni komandası ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, sosial şəbəkə hesabından düşüncələrini paylaşan qolkiper, yeni klubunda yaxşı qarşılandığını deyib:
“Bu ilin əvvəlində, karyeramda yeni bir qərarla “Tobol” klubuna keçdim və irəli doğru addım atdım. Bu işdə mənə dəstək və kömək olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm.
Bu komandaya gəlişimin ilk günündən isti münasibət görürəm, rəhbərlik, məşqçi və inzibati heyət, həmçinin hər bir futbolçudan. Hətta komandanın kapitanı bura gəldiyim ilk gündə məni ancaq futbolçuların iştirak etdiyi şam yeməyinə dəvət etdi. Günlər keçdikcə, komandaya uyğunlaşmağa, mehriban kollektiv görməyə başladım və bu kollektivin özünəməxsus yumor hissi olması da diqqətimdən qaçmadı. Nə qədər deyib-gülməyi sevən bir kollektiv olsa da, məşqlərdə, oyunlarda ciddilikləri ilə seçilirlər, start fitindən son fitə qədər meydanın hər qarışı uğrunda mübarizə aparırlar.
İnanıram və ümid edirəm ki, belə maraqlı kollektivlə bizi çox maraqlı, gərgin, qələbələrlə dolu bir mövsüm gözləyir və hər birimiz yalnız qələbə və çempion olmaq arzusu ilə sona qədər vuruşacağıq”.
Bizi Facebook-da izləyin